Pilotların iş saatı dəyişir

Pilotların iş saatı dəyişir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı tənzimlənir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsi və “Aviasiya haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:

- istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;

- istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;

- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;

- istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:

- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;

- istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;

- istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.

Qeyd edilib ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz.

Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib.

Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir.

Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub.

Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.

Mənbə: qafqazinfo.az