2027-ci ildə minimum əməkhaqqının artırılıb-artırılmayacağı və bunun hansı həddə olacağı ilə bağlı gözləntilər gündəmdədir. Hətta inflyasiya göstəriciləri və əvvəlki illərdə minimum əməkhaqqının dəyişmə tempi nəzərə alınaraq gələn il üçün 450-470 manat aralığında rəqəmlər səsləndirilir.
2027-ci ildə minimum əməkhaqqı nə qədər artırıla bilər? 460 manatlıq maaş real görünürmü və artımın müəyyənləşdirilməsində hansı iqtisadi göstəricilər əsas götürülməlidir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli əslində Azərbaycanda minimum əməkhaqqı demək olar, hər il artır deyib.
"Son dövrlərə nəzər salsaq, orta hesabla illik 5-10 faiz civarında artım olub. Bu il də artımın olması gözlənilir. Çünki inflyasiya yüksəkdir və qiymətlər kəskin artır. Amma minimum əməkhaqqının artması nəyi dəyişir? Minimum əməkhaqqı yalnız o öhdəliyi yaradır ki, vətəndaşa müəyyən məbləğdən aşağı maaş verilməsin. Məsələn, hazırda 400 manatdan aşağı maaş vermək olmazsa, bu məbləğ sabah 450 manata çatdıqda 450 manatdan aşağı maaş vermək mümkün olmayacaq. Ancaq daha məntiqli yanaşma orta aylıq əməkhaqqının və insanların gəlirlərinin artırılmasına çalışmaqdır".
Ekspert bildirib ki, minimum əməkhaqqı artdıqda VÖEN-lə çalışan şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri məbləğ də artır:
"Bu, onlar üçün əlavə problem yaradır. Ona görə də dəfələrlə təklif etmişik ki, VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlılığı aradan qaldırılsın. Qanunda bu əlaqəyə yenidən baxılmalı və o bağlantı ləğv edilməlidir".
Mənbə: news.milli.az