Avqustun sonunda Rusiyanın Şimal Dənizi üzrə "Rosselxoznadzor" idarəsinin əməkdaşları Murmansk şəhərində meyvə-tərəvəz satılan anbarlarda yoxlama aparıblar.
Lent.az-a istinadən bildirilir ki, yoxlama zamanı Azərbaycandan gətirilmiş pomidor partiyasında sarı-qırmızı mozaik naxışların, nekrotik ləkələr və deformasiyaların aşkarlandığı iddia olunur.
Mütəxəssislər bunun pepino mozaika virusuna yoluxma əlamətləri ola biləcəyini bildiriblər.
Laboratoriya müayinələrinin nəticələri pomidorların həqiqətən də virusa yoluxduğunu təsdiqləyib. Həmçinin müəyyən edilib ki, məhsullar digər mallardan təcrid olunmuş şəkildə saxlanılmayıb və yoluxma əlamətlərinin aşkarlanması barədə aidiyyəti quruma məlumat verilməyib.
Sahibkara pozuntuların aradan qaldırılması ilə bağlı göstəriş verilib. Hazırda onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılır.
Virusa yoluxmuş pomidor partiyası məhv ediləcək.
Mənbə: olke.az