Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındakı uyğunsuzluqdadır?
Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.
"Əvvəlki illərlə müqayisədə indi iş tapmaq çox çətindir. Gənclər universiteti bitirib iş üçün müraciət etsələr də, illərlə gözləməli olurlar", - sakinlərdən biri söyləyib.
İqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva bildirib ki, işaxtaranların qarşılaşdığı çətinliklərin əsas səbəblərindən biri təklif olunan əməkhaqqının aşağı olmasıdır.
"İşəgötürənlər var ki, aşağı əməkhaqqı ilə iş yerləri təklif edirlər. İnsanlar da düşünürlər ki, minimum əməkhaqqı civarında olan işdə çalışmaqdansa, işləməmək daha faydalıdır. Çünki nəqliyyat xərcləri kifayət qədər çoxdur, yemək və digər gündəlik xərclər də var. Digər səbəb isə təcrübə tələbidir. Şirkətlər daha çox təcrübəli namizədlərə üstünlük verirlər. Hamı hazır kadr əldə etmək istəyir. Amma universiteti bitirmiş tələbə də müəyyən yerdə təcrübə qazanmalıdır", - deyə professor qeyd edib.
Mənbə: oxu.az