İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın qarşısında duran ən mühüm strateji vəzifələrdən biridir. Bu proses yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, enerji və kommunikasiya xətlərinin çəkilməsi ilə məhdudlaşmır. Əsas məqsəd həmin ərazilərdə dayanıqlı iqtisadiyyat formalaşdırmaq, yeni iş yerləri açmaq, sahibkarlıq mühitini genişləndirmək və Böyük Qayıdışı uzunmüddətli sosial-iqtisadi inkişafa çevirməkdir. Bu baxımdan vergi və gömrük güzəştlərinin genişləndirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir.
Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Belə ki, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Dəyişikliklərə əsasən, güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri aşağıdakılardır:
- Əczaçılıq məhsullarının istehsalı;
- Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;
- Üzümdən şərab istehsalı;
- Elmi tədqiqat və işləmələr;
- Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;
- Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;
- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.
Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Güzəştlər investisiya mühitini necə dəyişə bilər?
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin təşkili bir sıra spesifik çətinliklərlə müşayiət olunur. İnfrastrukturun bərpası istiqamətində mühüm işlər görülsə də, bəzi ərazilərdə istehsal və xidmət obyektlərinin yaradılması əlavə maliyyə tələb edir. Logistika xərcləri, avadanlıqların daşınması, ilkin kapital qoyuluşları və əmək resurslarının cəlb edilməsi investorların qərarlarına təsir göstərən amillər sırasındadır.
Belə şəraitdə vergi yükünün azaldılması və gömrük güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi sahibkarların maliyyə imkanlarını artıra bilər. Müəssisələrin ilkin mərhələdə daha az xərc çəkməsi istehsalın qurulmasına, müasir texnologiyaların alınmasına və işçi qüvvəsinin hazırlanmasına əlavə vəsait yönəltməyə imkan yaradar.
Burada əsas məsələ güzəştlərin real iqtisadi nəticələr doğurmasıdır. Sahibkar üçün azad edilmiş ərazilərdə fəaliyyət göstərməyin iqtisadi baxımdan cəlbedici olması, yatırılan sərmayənin isə uzunmüddətli perspektivdə gəlir gətirməsi vergi və gömrük siyasətində nəzərə alınmalıdır.
2033-cü ilədək güzəştlərlər investor üçün mühüm imkanlar açır.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün tətbiq olunan əsas stimullardan biri vergi və gömrük azadolmalarının uzunmüddətli xarakter daşımasıdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınmış və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların idxalına görə 2033-cü il yanvarın 1-dək ƏDV və gömrük rüsumlarından azaddırlar.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, indiyədək istehsal fəaliyyəti ilə məşğul olan müəssisələr idxal edilən avadanlıq, texnoloji qurğular və xammal üzrə ümumilikdə 17,4 milyon manat məbləğində vergi və gömrük güzəştlərindən yararlanıblar.
Bu rəqəm dövlət dəstəyinin artıq konkret iqtisadi məzmun qazandığını göstərir. Bununla belə, güzəştlərin uzunmüddətli nəticəsi yalnız azad edilmiş vəsaitin məbləği ilə deyil, həmin vəsait hesabına yaradılan istehsal gücü, iş yerləri, ixrac imkanları və yerli iqtisadiyyata verilən töhfə ilə ölçülməlidir.
Qeyd etmək vacibdir ki, 2033-cü ilədək tətbiq olunan bu idxal güzəştləri ilə bütün digər vergi azadolmalarını eyniləşdirmək olmaz. Mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə müəyyən edilmiş güzəştlər ayrıca hüquqi şərtlərə və müddətlərə tabedir.
Böyük Qayıdışın iqtisadi dayağı
Böyük Qayıdış proqramının uğuru insanların doğma torpaqlarına qayıtması ilə yanaşı, həmin ərazilərdə yaşayış və məşğulluq imkanlarının formalaşdırılmasından asılıdır. Çünki daimi yaşayışını təmin edən əsas amillərdən biri iş yerlərinin mövcudluğudur.
Vergi və gömrük güzəştləri məhz bu məqsədə xidmət edir. Yeni istehsal müəssisələri, aqrar təsərrüfatlar, turizm obyektləri, emal mərkəzləri və xidmət sahələri fəaliyyətə başladıqca regionun iqtisadi fəallığı artacaq. Yerli əhalinin məşğulluğu genişlənəcək, ərazilərdə məskunlaşmanın sosial-iqtisadi əsası möhkəmlənəcək.
Bu prosesdə kiçik və orta sahibkarlığın rolu xüsusilə böyükdür. Böyük şirkətlər sənaye və infrastruktur layihələrini həyata keçirə bilərlər, lakin gündəlik iqtisadi həyatın canlanması üçün kiçik emal müəssisələri, ailə təsərrüfatları, mağazalar, restoranlar, nəqliyyat və xidmət obyektləri də vacibdir.
Ona görə də güzəştlərdən istifadə imkanları yalnız iri investorlara deyil, qanunvericiliyin tələblərinə cavab verən kiçik və orta sahibkarlara da əlçatan olmalıdır. Müraciət prosedurlarının sadələşdirilməsi, sahibkarlara hüquqi və maliyyə məsləhətlərinin verilməsi, güzəştlər barədə məlumatların geniş yayılması bu sahədə əlavə nəticələr verə bilər.
Güzəştlər iqtisadi müstəqilliyə xidmət edir
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin genişləndirilməsi Böyük Qayıdışın iqtisadi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Bu siyasət investorların xərclərinin azaldılmasına, istehsalın genişləndirilməsinə, yeni texnologiyaların tətbiqinə və regionun iqtisadi potensialının reallaşdırılmasına xidmət edəcək.
Lakin əsas məqsəd dövlət dəstəyi hesabına özünü inkişaf etdirə bilən, rəqabətqabiliyyətli və davamlı iqtisadi sistem yaratmaqdır. Bu ərazilər gələcəkdə yalnız bərpa olunan və yenidən qurulan torpaqlar kimi deyil, istehsal edən, ixrac edən, texnologiya yaradan və əhalisinə geniş məşğulluq imkanları təqdim edən iqtisadi məkan kimi tanınmalıdır.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi həm də Azərbaycanın iqtisadi təhlükəsizliyinin, regional inkişafının və uzunmüddətli strateji maraqlarının möhkəmlənməsi deməkdir. Vergi və gömrük güzəştləri bu hədəfə aparan mühüm vasitələrdən biridir. Sahibkarlığın uğuru isə təbii ki, nə vaxtsa güzəştlərə ehtiyac duymadan fəaliyyətini davam etdirə bilən güclü müəssisələrə, sabit iş yerlərinə bir təminatdır.
Mənbə: bizim.media