Azərbaycanda dövlət maliyyəsinin rəqəmsallaşdırılması çərçivəsində elektron müqavilələrin imzalanması, təhvil-təslim aktlarının rəsmiləşdirilməsi və xəzinədarlıq əməliyyatlarının vahid sistem üzərindən həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Bunu Maliyyə Nazirliyinin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, elektron müqavilə sisteminin tətbiqi nəticəsində müqavilələrin rəsmiləşdirilməsi prosesi sürətlənib. Hazırda bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır ki, bu da əvvəlki dövrlə müqayisədə daha operativ nəticədir.
N.Soltanov bildirib ki, təhvil-təslim aktlarının elektron qaydada imzalanması prosesinin sentyabr ayından aktiv mərhələyə keçməsi bütün prosedurların vahid çərçivədə idarə olunmasına imkan yaradır.
O qeyd edib ki, büdcənin tərtibinin elektronlaşdırılması və xəzinədarlıq sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ödəniş əməliyyatlarının sürətlənməsinə şərait yaradır. Bu dəyişikliklərin müsbət nəticələri artıq mərhələli şəkildə müşahidə olunur.
Şöbə müdiri vurğulayıb ki, dövlət maliyyəsinin rəqəmsallaşdırılması yalnız Maliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlərlə məhdudlaşmır. Elektron müqavilə sisteminin tətbiqi çərçivəsində bir neçə dövlət qurumu ilə inteqrasiya işləri aparılır.
“Elektron müqavilə sisteminin tətbiqi zamanı artıq üç-dörd müxtəlif qurumla inteqrasiya həyata keçiririk. Xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Vergi Xidməti ilə informasiya sistemləri üzərindən real inteqrasiya təmin olunur”, - deyə o bildirib.
N.Soltanovun sözlərinə görə, bu inteqrasiya dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin artırılmasına və elektron mühasibat sisteminin imkanlarının genişləndirilməsinə xidmət edir.
O bildirib ki, müqavilələr əsasında təhvil alınan mallar barədə məlumatların avtomatik olaraq elektron mühasibat sistemində əks olunması, ödənişlərin isə sistemlər arasında əlavə məlumat ötürülməsinə ehtiyac qalmadan vahid platforma üzərindən həyata keçirilməsi dövlət qurumlarına həm vaxta qənaət, həm də əməliyyatların səmərəliliyinin artırılması baxımından üstünlüklər verəcək.
Şöbə müdiri qeyd edib ki, yeni elektron mühasibatlıq sistemi yalnız Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə deyil, dövlət büdcəsindən maliyyələşən təşkilatların və digər dövlət qurumlarının daxili idarəetmə proseslərinin asanlaşdırılmasına da yönəlib.
Onun sözlərinə görə, sistemin tətbiqi dövlət təşkilatlarında mühasibat uçotunun təkmilləşdirilməsinə, məlumatların daha dəqiq əks etdirilməsinə və maliyyə əməliyyatlarının vahid yanaşma əsasında idarə olunmasına imkan yaradacaq.
N.Soltanov əlavə edib ki, elektron müqavilə, elektron mühasibatlıq, büdcə və xəzinədarlıq sistemlərinin mərhələli şəkildə tətbiqi və inteqrasiyası nəticəsində dövlət vəsaitlərinin idarə edilməsinin bütün əsas mərhələləri vahid rəqəmsal çərçivədə əhatə olunacaq.
“Bütün alt sistemləri mərhələli şəkildə istifadəyə verdikcə dövlət vəsaitlərinin səmərəli idarə olunması, büdcənin tərtibindən xəzinədarlıq əməliyyatlarına və nəzarət mexanizmlərinin tətbiqinədək bütün proseslərin təmin edilməsi mümkün olacaq”, - deyə o vurğulayıb.
Mənbə: az.trend.az