2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin tabeliyindəki turizm obyektlərini 510 215 nəfər bilet alaraq ziyarət edib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzindən bildirilib ki, onlardan 142 436 nəfəri yerli, 367 779 nəfəri isə xarici turist olub. Həmin dövrdə 103 087 nəfər turizm obyektlərini ödənişsiz ziyarət edib.
Biletli ziyarətçilərin sayına görə ilk yerdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu qərarlaşıb. Qoruğu ziyarət edən 147 384 nəfərin 16 033-ü yerli, 131 351-i xarici turist olub. Əlavə olaraq, 11 493 nəfər qoruğa ödənişsiz daxil olub.
İkinci yerdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundakı Xan sarayı yer alıb. Sarayı bilet alaraq ziyarət edən 128 487 turistdən 72 309-u yerli, 56 178-i xarici vətəndaş olub. Ödənişsiz ziyarətçilərin sayı isə 42 050 nəfər təşkil edib.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu 124 563 biletli ziyarətçi ilə üçüncü olub. Onların 12 202-si yerli, 112 361-i xarici turistdir. Məbədi 11 014 nəfər ödənişsiz ziyarət edib. Beləliklə, əcnəbi turistlər ziyarətçi sayına görə yerli turistləri 10 dəfəyə yaxın üstələyir.
Dördüncü yerdə qərarlaşan “Kiş” Tarix-Memarlıq Qoruğunu — Kiş Alban məbədini 40 278 nəfər bilet alaraq ziyarət edib. Onlardan 21 615-i yerli, 18 663-ü xarici turist olub. Daha 9 066 nəfər məbədi ödənişsiz ziyarət edib.
İlk beşliyi Palçıq Vulkanları Turizm Kompleksi tamamlayıb. Kompleksə bilet alan 36 488 nəfərin 2 908-i yerli, 33 580-i xarici turist olub. Ödənişsiz ziyarətçilərin sayı 814 nəfər təşkil edib. Burada isə ziyarətçi əcnəbilərin sayı yerli sakinlərdən 11 dəfə çoxdur.
Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzinin idarəetməsində doqquz qoruq və bir turizm kompleksi fəaliyyət göstərir.
Mənbə: az.trend.az