Yapon avtomobil nəhəngindən GÖZLƏNİLMƏZ QƏRAR: Satışları Tamamilə DAYANDIRIR

Yapon avtomobil nəhəngindən GÖZLƏNİLMƏZ QƏRAR: Satışları Tamamilə DAYANDIRIR

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Subaru” Avropa bazarında köklü dəyişikliyə hazırlaşır.

Musavat.com xəbər verir ki, şirkət 2028-ci ilə qədər regionda benzinlə işləyən nəqliyyat vasitələrinin satışını tamamilə dayandıraraq yalnız elektrikli modellərə keçməyi planlaşdırır.

Bu addım reallaşacağı təqdirdə, “Subaru” müəyyən bir bazarda daxili yanma mühərriklərindən tam imtina edən ilk Yapon brendi olacaq.

Şirkət gələn ildən etibarən Avropada benzin mühərrikli maşınların tədarükünü tədricən azaldacaq. Mövcud stoklar tükəndikdən sonra bu kateqoriyaya aid modellərin satışı yekunlaşacaq.

Yenilik markanın vizit kartı sayılan üfüqi "bokser" mühərrikli avtomobillərə də şamil olunacaq. Xüsusilə “Forester” və “Crosstrek” kimi məşhur SUV modelləri bu prosesdən birbaşa təsirlənəcək.

Yaponiya və digər ölkələrdən fərqli olaraq, Avropada tam hibrid variantlar təklif etməyən brend birbaşa elektrikli texnikaya fokuslanacaq.

Yeni strategiyaya əsasən, brendin Avropadakı məhsul çeşidi tamamilə elektrikli modellərdən ibarət olacaq.

Qeyd edək ki, daha əvvəl “Nissan” və “Honda” da oxşar planlar açıqlasa da, sonradan bu hədəflərindən geri çəkilmişdilər.

“Subaru”nun qərarının digər Yapon istehsalçılarının da regional planlarına yenidən baxmasına təkan verəcəyi gözlənilir.

Şirkətin bu addımı atmasında Avropada getdikcə sərtləşən ekoloji normativlər əsas rol oynayıb. 2027-ci ilin noyabrından etibarən qüvvəyə minəcək "Euro 7" emissiya standartları və 2030-cu ilə qədər tətbiq ediləcək yeni karbon qazı tələbləri istehsalçılardan mühərrik texnologiyalarına böyük sərmayələr tələb edir.

Ötən maliyyə ilində dünya üzrə 890 min avtomobil bazara çıxaran “Subaru”nun Avropadakı satışı cəmi 23 min ədəd təşkil edib. Bu göstərici ümumi həcmin 3 faizindən də azdır. Regiondakı aşağı satış göstəriciləri və sərtləşən ekoloji qaydalara uyğunlaşma xərclərinin yüksəkliyi daxili yanma mühərriklərindən imtinanı sürətləndirib.

Eyni zamanda, Avropada elektrikli avtomobillərə tələbat yenidən yüksəlir. Sentyabr ayında sözügedən nəqliyyat vasitələrinin satışı 60 faiz artaraq ümumi bazarda 31 faizlik paya çatıb. Benzinli modellərin payı 18 faizə düşdüyü halda, hibridlər 34 faiz təşkil edib. Bu dinamika Yapon brendinin Avropadakı uzunillik benzin mühərriki ənənəsinə yekun vurur.

Mənbə: musavat.com