Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər.
Bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Fransa iqtisadiyyatı faktiki olaraq durğunluq yaşayır. 2026-cı ilin ilk üç rübü ərzində ölkə iqtisadi artıma nail ola bilməyib.
İyul-sentyabr aylarında ÜDM 0.1% azalıb, birinci rübdə isə bu geriləmə 0.2% təşkil edib.
"Əgər büdcədə nəzərdə tutulan irəliləyişə nail olmasaq, birbaşa divara çırpılacağıq", - deyə nazir xəbərdarlıq edib. Eyni zamanda, inflyasiyanın sürətlənməsi Fransanın iqtisadi çətinliklərini daha da dərinləşdirir. Oktyabr ayında istehlak qiymətlərinin illik artımı əvvəlki aydakı 3.1%-ə qarşı 3.4%-ə çatıb.
Bu vəziyyət fonunda hökumət 2027-ci ildə büdcə kəsrini ÜDM-in 5%-nə qədər endirməyə çalışır. Lakin iqtisadçılar rəhbərliyin bu hədəfə çatacağına şübhə ilə yanaşırlar.
Həyat səviyyəsinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar vəziyyəti daha da mürəkkəbləşdirir. Fransada mağazaların yağmalanması və polislə toqquşmalarla müşayiət olunan iğtişaşlar davam etməkdədir. İlkin hesablamalara əsasən, dağıntılar və ticarətin dayanması nəticəsində dəyən ümumi ziyan 2 milyard dollara yaxınlaşa bilər.
Oktyabrın 31-də ölkə ərazisində yeni nümayişlərin keçirilməsi planlaşdırılır. Hökumət təhlükəsizlik qüvvələrinin təxminən 70 min əməkdaşını prosesə cəlb etmək niyyətindədir. Daxili işlər naziri Loran Nunyes yeni iğtişaş riskinin olduqca yüksək olduğu barədə xəbərdarlıq edib.
Mənbə: oxu.az