Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanı ilə bağlı detallar açıqlandı

Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanı ilə bağlı

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə 60 sual veriləcək.

Bu barədə məlumat Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsində əks olunub.

Cərçivə sənədinə görə, test imtahanı mərhələsinin sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına və peşəsinə uyğun hazırlanır.

İmtahan zamanı təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək.

İmtahanda hansı mövzular yer alacaq?

Qiymətləndirmə çərçivəsində əsas sahələrdən biri məzmun və metodikadır. Bu bölmədə məktəbəqədər təhsilin inkişaf sahələri və standartları, psixo-pedaqoji nəzəri əsaslar, uşaq şəxsiyyətinin formalaşması və uşaqların yaşına görə öyrənmə xüsusiyyətləri ilə bağlı mövzular yer alır.

Həmçinin M.Montessori, Valdorf və R.Emilianın pedaqoji yanaşmaları da qiymətləndirmə mövzularına daxildir.

Metodika bölməsində sensor bacarıqların, fiziki tərbiyənin, nitqin, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, ətraf aləmlə tanışlıq, savad təlimi, özünəxidmət və əmək vərdişlərinin formalaşdırılması kimi mövzular nəzərdə tutulub.

Bundan başqa, oyunların təlimdə tətbiqi xüsusiyyətləri və uşaqların məktəb təliminə hazırlığı da imtahan mövzuları arasındadır.

Təhlükəsizlik və uşaq hüquqları da qiymətləndiriləcək

Qiymətləndirmə çərçivəsində təhlükəsizlik ayrıca sahə kimi müəyyənləşdirilib.

Bu bölmədə uşaq hüquqları, gigiyena qaydaları və ilkin yardım, eləcə də xarici və daxili öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövzular yer alır.

İnklüziv təhsil mühitinin təşkili, bütün uşaqlarda yaradıcılığın dəstəklənməsi və həvəsləndirilməsi, müxtəlif ehtiyacları olan uşaqlarla iş və gender bərabərliyi məsələləri də çərçivəyə daxil edilib.

Pedaqoji etika və əməkdaşlıq

Test imtahanında pedaqoji etika və əməkdaşlıq sahəsi üzrə də suallar təqdim olunacaq.

Bu bölmədə təhsilverənlərin etik davranış qaydaları, tərbiyəçi-müəllimin hüquq və vəzifələri, müəllimin ünsiyyət, qarşılıqlı əlaqə və əməkdaşlıq bacarıqları qiymətləndiriləcək.

Həmçinin konfliktlərin idarə edilməsi, o cümlədən uşaq-uşaq, uşaq-böyük və böyük-böyük münasibətləri ilə bağlı mövzular da imtahan çərçivəsində yer alacaq.

Həmçinin, valideynlərlə əməkdaşlıq da qiymətləndiriləcək, inklüziv təhsil və gender bərabərliyi, təhsilverənin özünüinkişafı da yoxlanılacaq.

Fəridə

Mənbə: bizim.media