Neft erası bitir - “Qara” enerjidən “yaşıl” enerjiyə keçid dövrünün mərhələləri...

Hazırkı məqsəd əsrin ikinci yarısında sıfır karbon emissiyası enerjisinə keçidi əldə etməkdir. Çevrilmənin miqyasını nəzərə alaraq keçid dövründəki bəzi proseslərin müəyyən edilmiş planları sürətləndirməsi və ya maneə törətməsi təbiidir...

Velid Haduri
“Şarkul Avsat” qəzeti, 23 fevral 2021-ci il

21-ci əsrin əvvəllərindən bəri bütün dünya karbohidrogen ehtiyatlarından davamlı təmiz enerji mənbələrinə çevrilmənin şahidi olur. Bu keçidin bir neçə üst-üstə düşən addımlarla on illər boyu davam edəcəyi gözlənilir. Hazırda elektrik enerjisi istehsalında istifadə olunan enerji mənbələrində böyük bir dəyişiklik baş verir və bunun ardınca avtomobil yanacaqlarında da yeniliklər meydana gələ bilər. Bu yeniliyin mərhələləri lazımi texnologiyaların kəşf edilməsindən və qiymət və keyfiyyət baxımından karbohidrogen yanacaqları ilə rəqabət edən alternativlərin yaradılmasından asılıdır. Dəyişiklik prosesinə geosiyasi amillər də daxil olur və bu addımlar şaxələndirilir.

“Shell”, “Total” və “BP” (British Petroleum) kimi Avropanın böyük neft şirkətləri ilə yanaşı, Amerika böyük neft şirkətlərinin də neft istehsalından əldə etdikləri mənfəəti təmiz, “sıfır karbon emissiyalı” enerjilərə investisiya kimi qoymağa hazır olduqlarını göstərir. “Shell”in 11 fevralda verdiyi açıqlamaya görə, şirkətin hazırkı strategiyasının məqsədi sıfır emissiyalı enerji məhsulları və xidmətləri təmin etmək üçün şirkətin çevrilməsini sürətləndirməkdir. “BP” kimi “Shell” də illik neft hasilatının 2019-cu ildə zirvəyə çatdığını və bu hasilatın bu gündən 30-cu illərə qədər ildə 1-2% azalacağını açıqlayıb. Digər tərəfdən, “BP” şirkəti 2019-cu ildə gündəlik 2,6 milyon barrelə çatan neft hasilatının 2025-ci ildə gündə 2 milyon barrelə, 2030-cu ildə isə 1,5 milyon barelə düşəcəyini açıqlayıb.

“Total”ın rəhbəri Petrik Puyanni şirkətin orta və uzun müddətdə elektrik enerjisinə, alternativ enerjiyə keçidlə neft və təbii qaz yatırımlarını birləşdirən bir modeli mənimsədiyini açıqlayıb. Puyanni: “Qara (neft) ilə yaşılı (təmiz enerjilər) birləşdirmə siyasətimizlə qürur duyuram. Çünki bizə investisiyalar üçün maddi təminat verən qara olmasa, yaşıla keçid edə bilmərik”, deyə qeyd edib.

“Total” bu yaxınlarda önəmli (yaşıl) müqavilələr imzalayıb. Bunlardan biri Şimal dənizinin İngiltərə sərhədləri daxilində külək enerjisi ilə 1,5 GW elektrik enerjisi istehsalına dair müqavilədir, digəri isə günəş enerjisindən elektrik enerjisi istehsalı üçün Hindistanda imzalanan 2,5 milyard dollar dəyərindəki müqavilədir. “Total” bu razılaşma ilə 20% payı ilə dünyanın ən böyük günəş elektrik stansiyası layihələrindən biri hesab etdiyi Hindistandakı “Adani Yaşıl Enerji” layihəsinin ortaqlarından biri olub. “Total” yaşıl enerji investisiyalarının 2019-cu ildə 3 GW-dan 2020-ci ilin sonunda 7 GW-ya, 2025-ci ilin sonunda isə 35 GW-ya qədər artırılmasını gözləyir.

Böyük neft şirkətlərini öz strategiyalarından neft qazanclarını yaşıl enerjilərə investisiya qoymaq üçün istifadə etməyi düşünsələr də, siyasətlər hər şirkətdə fərqli cür aparılır. Bəziləri elektrik enerjisi istehsalına, digərləri də elektrik enerjisinin paylanması və marketinqinə investisiya yatırmağa meyillidir. Bununla birlikdə, bütün şirkətlərin yeni strategiyalarının məzmunu açıq görünür: Təmiz enerjilərə investisiya yatırmaq üçün neft mənfəətindən istifadə etnək, tədricən neft şirkətlərindən enerji (neft və yaşıl enerji) şirkətlərinə çevrilmək.

Bu, o deməkdir ki, 2050-ci ilə qədər neft yatırımlarının nisbəti azalacaq və iri neft şirkətləri qara və yaşıl enerji şirkətlərinə çevriləcək. Bunun mənası isə odur ki, nəhəng neft şirkətləri neftin daha az rol oynadığı, lakin böyüyən yaşıl enerjinin maliyyələşdirildiyi yeni bir dövrə qədəm qoymaq istəyirlər.

 

Hazırkı məqsəd əsrin ikinci yarısında sıfır karbon emissiyası enerjisinə keçidi əldə etməkdir. Çevrilmənin miqyasını nəzərə alaraq keçid dövründəki bəzi proseslərin müəyyən edilmiş planları sürətləndirməsi və ya maneə törətməsi təbiidir ki, bu da çevrilmənin sürətinə və xüsusilə də, 2050-ci ilə qədər baş verməsi ehtimalına təsir edə bilər. Çünki bu günə qədər dünyada qəbul edilmiş qanunvericiliyin əksəriyyətində nəqliyyat vasitələrinin müəyyən bir müddətdən sonra satılmaması nəzərdə tutulur, lakin bu tarixdən sonra istifadəyə davam edib etməyəcəyindən bəhs edilmir. Verilən proqnozlar göstərir ki, 2050-ci ildən sonra da yollarda milyonlarla köhnə avtomobil və digər nəqliyyat vasitələrinin görülməyə davam edəcək.

Əsas məsələ elektrik enerjisi istehsalında təmiz enerjilərdən istifadə meyli ilə enerji keçidinin artıq başlamasına və yeni enerji çağına keçidin ilk mərhələsinə qədəm qoyulmaqdır. Eynilə elmi inkişaf, hökumətlərin yerli və qlobal qanunlar vasitəsilə verdiyi dəstək, xalqların qitələri aşan dəstəyi və QHT-lərin qlobal istiləşmə ilə mübarizə fəaliyyətləri növbəti addımı atmaq üçün lazımi zəmini hazırlayıb.

Birinci mərhələ elektrik enerjisi istehsalında təmiz enerjinin payının artması ilə başladı. Lazımi elmi təcrübələr tamamlandıqdan sonra hidrogen əlavə etməklə Günəş və külək enerjilərindən istifadə tədricən geniş yayılmağa başladı. Avropada elektrik enerjisi istehsalında təmiz enerjinin də payı artdı. Pandemiya ili olan 2020-ci ildə AB ölkələri fosil yanacaqlara (neft, təbii qaz və kömür) deyil, təmiz elektrik enerjisinə üstünlük verdilər. Karantinə görə elektrik istehlakı azaldığı üçün istehsalda fosil yanacaqlardan daha ucuz olan təmiz enerjiyə üstünlük verildi. Digər tərəfdən, Mərakeş, Misir, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb ölkələri də daxil olmaqla, bir çox ölkələrdə Günəş və külək stansiyaları ilə bağlı layihələr geniş yayılmağa başlandı.

Elektrik enerjisi istehsalında təmiz enerjinin istifadəsi artsa da və karbon emissiyalarının azaldılması üçün vacib olsa da, bu, neft istehlakına çox da təsir etməyib. Əksinə, qlobal neft istehlakı son 20 ildə gündə 100 milyon bareldən çox olub. 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən iqtisadiyyatların dayanmasına qədər ümumi tələbdə bir azalma olmadı. Buna görə, elektrik enerjisi istehsalında böyük dəyişiklik baş verdi. Kömürdən təbii qaza və nəhayət, təmiz enerjiyə doğru tədricən dəyişiklik yarandı. Elektrik enerjisi istehsalında yanacaq qazından istifadə 1980-ci illərdə neftin bahalaşmasından sonra azalmışdı. Sonralar neft və kömürə alternativ olaraq təbii qaz daha ucuz və daha az çirkləndirici olduğu üçün yeni elektrik stansiyalarında yanacaq qazının istifadəsi də azaldı. Buna baxmayaraq, ölkələr 2015-ci il Paris İqlim Müqaviləsi ilə bağlı öhdəliklərini yerinə yetirmək və 2050-ci ilədək növbəti “sıfır emissiya” hədəfinə çatmaq üçün təbii qazı aşağı emissiya nisbətlərinə baxmayaraq, təxirə salınmadan təmiz enerjilərlə əvəz etməyə başladılar.

Hibrid və ya elektrikli (yeni) nəqliyyat vasitələrinə keçid enerji sahəsindəki ikinci çevrilməni təmsil edir. Nəqliyyatda istifadə olunan yanacaq qlobal neft istehlakının təxminən 50%ni təşkil etdiyi üçün nəqliyyat vasitələrində istifadə olunan yanacaq da tədricən çevrilmə prosesindən keçir. Başlanğıcda bu çevrilmənin səbəbi 20-ci əsrin son rübündə neft qiymətlərinin artması ilə neft məhsullarından asılılığı və Yaxın Şərqdən neft idxalı asılılığını azaltmaq idi. Daha sonra bu proses başqa bir ölçüyə keçdi və karbon emissiyalarını azaltmaq üçün bir vasitə olaraq dəstəkləndi. Amerikanın “Tesla” şirkəti kimi yalnız elektrikli avtomobillərin istehsalı ilə məşğul olan şirkətlərə əlavə olaraq, tədricən bir çox böyük qlobal avtomobil şirkətləri yeni avtomobil istehsalı üçün özəl filiallar yaratmağa başladılar. Sənayeləşmiş ölkələrin hökumətləri əvvəlcə tədqiqat və sınaq mərhələsində şirkətləri iqtisadi dəstək və vergidən azad etmə yolu ilə yeni nəqliyyat vasitələri inkişaf etdirməyə təşviq etdilər. Daha sonra isə təşviqlərin ikinci mərhələsinə keçid edildi və indiki kimi hökumətlər yeni vasitələrin istifadəsini təşviq etmək üçün lazımi qanunları qəbul etməyə başladılar. Məsələn, İngiltərə benzin və ya dizeldən istifadə edən (köhnə) avtomobillərin satışını 2025-ci ildən etibarən qadağan edən bir qanun qəbul etdi. Avropa ölkələri də 2030-cu illərin sonuna qədər köhnə vasitələrin satışını qadağan edən qanunlar qəbul etdilər. Şərqi Asiya və ABŞ-ın Kaliforniya ştatı da oxşar qərarlar verdi. Bundan əlavə, prezident Co Bayden administrasiyasının da bu siyasəti tezliklə dəstəkləyəcəyi gözlənilir. Köhnə nəqliyyat vasitələrindən yenilərinə keçid müddətində şəhərlərdə nəqliyyat modellərini dəyişdirəcək yeni fenomenlər də ortaya çıxdı. Məsələn, böyük şəhərlərdə istifadəni məhdudlaşdırmaq üçün yan yollarda nəqliyyat vasitələrinin istifadəsinə vergilərin qoyulması, orta gəlirli ailələrin əksəriyyətinin şəhərətrafı ərazilərə köçmək əvəzinə, şəhər mərkəzinə qayıtmasını təmin edərək iş yerlərinə və məktəblərə piyada getmələrini təşviq etmək, metro, elektrik qatarları və avtobuslar kimi ictimai nəqliyyat vasitələrinin istifadəsini genişləndirmək, yaşıl benzin və dizeldən istifadə etmək və şəhərin sıx küçələrində tıxac axınını stabilləşdirmək kimi addımların atılması nəzərdə tutulur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda susuz və işıqsız qalan sakinlər – VİDEO

SONRAKI XƏBƏR

"Xocalı və Serebrenitsa faciələri bəşəriyyətə qəsddir"-Deputat