Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib

Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib

Niderlandda fəaliyyət göstərən Hüquq və Arbitraj üzrə Haaqa Mərkəzi və Yaponiyanın Doşişa Universitetinin Qlobal Araşdırmalar üzrə Ali Məktəbinin birgə təşkilatçılığı ilə “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi: biznes imkanları və hüquqi çağırışların icmalı” mövzusunda vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, bu, təşkilatçıların Azərbaycanın biznes imkanlarına həsr edilmiş ikinci vebinarıdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov biznes və sərmayə yatırımı sahəsində ölkəmizdəki münbit mühitdən bəhs edib. Diplomat Azərbaycanı bu sahədə cəlbedici edən amillər – zəngin təbii ehtiyatları, dayanıqlı siyasi və iqtisadi mühiti, sabitliyi, mövcud investisiya qanunları, infrastrukturu və logistika imkanları, yüksəkixtisaslı insan kapitalı və xalqımızın qonaqpərvərliyi barədə məlumat verib. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni yaranmış biznes və investisiya imkanlarına toxunan səfir Azərbaycan hökumətinin müasir texnologiyalara əsaslanan, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər yaratmaq planları haqqında məlumatları, eləcə də Böyük Britaniya, Türkiyə, İtaliya, Macarıstan, Xorvatiya kimi bir çox ölkələrin azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlı olduqlarını artıq bəyan etdiklərini diqqətə çatdırıb.

Yaponiyanın Doşişa Universitetinin Qlobal Araşdırmalar üzrə Ali Məktəbinin dekanı professor Hisae Nakanişi Azərbaycana səfərlərindən söz açaraq, ölkəmizdə hökm sürən sabitlikdən, həyata keçirilən islahatlardan və onun geosiyasi mövqeyindən, bu baxımdan xarici sərmayədarlar üçün kifayət qədər cəlbedici olmasından danışıb.

Universitetin professoru Naito Masanori “Azərbaycana qonşu ölkələrin xarici siyasəti”, Ələt Azad İqtisadi Zonasının Direktorlar Şurasının sədri Valeh Ələsgərov “Azərbaycanın qeyri-neft sektorunda sərmayə imkanları: Ələt Azad İqtisadi Zonasının nümunəsi", ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Nəqliyyat dəhlizlərinin iqtisadi və siyasi faydaları”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev “Azərbaycanda investisiya mühiti və biznes imkanları”, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin İsmayılov “Regionlararası nəqliyyat və tranzit əlaqələrində Azərbaycanın strateji rolu”, Hüquq və Arbitraj üzrə Haaqa Mərkəzinin əməkdaşı Hura Haşimi “Azərbaycanda mediasiya və arbitraj prosedurları” mövzularına dair geniş təqdimatlarla çıxış ediblər.

Vebinarın sonunda iştirakçılar Azərbaycanın biznes və ticarət mühitinə dair iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə Azərbaycan, Niderland, Yaponiya, İran və bir sıra digər ölkələrdən iştirakçı və dinləyici qismində çoxsaylı ekspert, sahibkar və diplomatlar iştirak ediblər.

Qeyd edək ki, yanvarın 28-də “İpək Yolu boyunca biznes imkanları və çağırışlar: Mərkəzi Asiya, İran və Qafqazdan Aİ-yə doğru” mövzusunda birinci onlayn panel müzakirələri keçirilib. Bu müzakirələrdə də Azərbaycanın biznes və investisiya mühitinə dair fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az