Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bunu etiraf etdi - İqtisadçı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bunu etiraf etdi - İqtisadçı

Azərbaycanda kiçik və orta sahibkarların ən böyük problemi fəaliyyətlərinə olan “məmur müdaxiləsi” idi. Amma son vaxtlar bu istiqamətdə kifayət qədər irəliləyiş müşahidə edilir. Rəsmi qaydada yoxlama hallarının kəskin azaldılması, eyni zamanda, bu tendensiyanın arxasında duran yüksək ranqlı məmurların istefaya göndərilməsi, antikorrupsiya fəaliyyəti çərçivəsində həbslərin davamlı olması iqtisadi fəaliyyətə “məmur müdaxilələri”nin səviyyəsini endirib. Buna görə də indiyə qədər sahibkarların ikinci problemi olan bahalı kredit problemi artıq kiçik və orta biznesin inkişafına mane olan əsas problem statusunu alıb.

Bu fikirləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bankların təklif etdikləri kredit faizlərinin səviyyəsi iqtisadi təsərrüfat subyektləri üçün həll edə bilmədikləri ciddi problemi yaradır: “Bu problem öz ciddiliyi ilə uzun zamandır ki qalmaqdadır. Buna görə də problemli kredit mövzusu “yatmış vulkan” effektinə çevrilib. Müəyyən dövrdən bir oyanır və yuxarı dairələrə qədər problem müzakirə edilir, amma həllini tapmadan mövzu bağlanır – “vulkan yatır”. Bu, iqtisadi inkişafı ləngidən ciddi problemlərədən biri olmaqla, tam xroniki vəziyyət alıb. Görünür, elə buna görə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmiləri 10-cu Azərbaycan Mikromaliyyə Konfransında bu məsələyə çox ciddi yer ayırdılar. Bu sahədə sorğular və tədqiqatlar aparıldığını və nəticələrin ürəkaçan olmadığını, sahibkarlığın maliyyə resurslarına əlçatan olmamasının ciddi problem kimi qaldığı etiraf etdilər”.

Ekspertin fikrincə, bank kredit kütləsinin real sektora ünvanlanmasında maraq göstərmədiyini və bu sektordan yönələn mövcud vəsaitlərin isə ucuz olmadığını analiz edəndə görünür ki, bu problemdə birmənalı günahkar mövcud deyil: “Bu günahda bankların payı çox olsa da, bu atmosferi yaradan digər amillər də var. Bankların vaxtaşırı səsləndirilən iddialarına görə, faiz həddinin yuxarı olmasına rəğmən, mənfəətləri yüksək deyil. Onlar bunun təsdiqi kimi müxtəlif makroiqtisadi faktorları əsas gətirirlər. Məhz bu makroiqtisadi faktorlar səbəbindən bankların sahibkarlığın inkişafına olan marağı arxa plana keçir. Amma makroiqtisadi amillər də yeganə səbəb istiqaməti deyil. Digər bir səbəb istiqaməti real sektorda olan problemlərdir. O problemlər ki, verilmiş kredit vəsaitləri üçün ciddi risk təhlükəsi yaradır və geriş dönüş ehtimalını digər kredit növlərindən arxada saxlayır. Bu iki amili nəzərə alan banklar bu seqmentin maliyyələşdirilməsində maraqlı görünmürlər”.

E.Əmirov belə nəticəyə gəlib ki, kredit faizlərinin aşağı salınması və bankların bu istiqamətdə irəli addım atması üçün təkcə inzibati qaydada onların fəaliyyətinin tənzimlənməsi mümkün deyil: “Mütləq bununla yanaşı, həm də real sektorda əlavə risk yaradan faktorları aradan qaldırmaq lazımdır. Əlavə risk faktorlarını aradan qaldırmağa nail olmaqla maliyyə qurumlarını bu sahələrə vəsait ayırmağa sövq etmək olar. Düzdür, risk istənilən fəaliyyət növündə mövcuddur. Lakin bu sahəyə kifayət qədər çox sayda digər risklərin əlavə edilməsi investisiyanın geridönüş qabiliyyətini sıradan çıxarmış olur.

Bəs bu əlavə risklər hansılardır? Bunlara mülkiyyət haqlarının qorunması sahəsində olan problemlər, məhkəmə sistemində müşahidə edilən neqativlər, eyni zamanda, bura əlverişli biznes mühitini təmin edən digər faktorları əlavə etmək olar. Çünki kiçik və orta sahibkarların üzləşdiyi bu qəbildən olan problemlər iqtisadi problem olmasa da, əslində, banklar bunu böyük risk arqumenti kimi qəbul edirlər. Buna görə də biznesə yönəldilən maliyyə vəsaitlərinin əlçatan olmaması problemində bu amillərin də öz payı var. Bu problemlərin aradan qaldırılması isə əlverişli investisiya mühitinin yaradılmasına, o isə öz növbəsində, bankların real sektora marağının artırılmasına səbəb olan digər bir amilə çevrilə bilər. Amma hazırda bunların heç biri yoxdur. Ortada həll edilməyən bahalı kredit problemi var. Sahibkar üçün isə bahalı kredit sınıq nərdivan kimidir. Ondan istifadə etmədən qalxa bilməz, istifadə etsə, yıxılıb ömürlük şikəst olar”.

Mənbə: publika.az