7 mindən çox sahibkar qadının banklardan eyni məzmunlu şikayəti…

7 mindən çox sahibkar qadının banklardan eyni məzmunlu şikayəti…

Kamran Məmmədli: “Banklar sahibkarlıqla məşğul olan qadınlara kredit verməkdə müəyyən problemlər yaradırlar”

“Sahibkar Xanımlar Birliyinin üzvü olan 7 mindən çox sahibkar qadının bankla bağlı əsas şikayəti kredit ala bilməmələri ilə bağlıdır”. Bunu "Pandemiya sonrası perspektivlər: rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında tədbirin təşkilatçısı olan Sahibkar Xanımlar Birliyinin sədri Zemfira Ağayeva deyib.

O qeyd edib ki, bu sahədə ən böyük problem bəzi bankların kredit verərkən həm zamin, həm də girov istəmələridir, bəzi banklar tərəfindən isə irəliləyiş olsa da, böyük kreditlər vermirlər.

Qeyd edək ki, cinsindən asılı olmayaraq, sahibkarlıqla məşğul olmaq istəyənlərə dəstək göstərilməlidir. Hətta ölkə başçısı İlham Əliyev də dəfələrlə bu məsələyə toxunaraq sahibkarlara dəstək göstərilməsinin vacibliyi barədə fikirlər səsləndirib. Ancaq banklar sahibkarlıqla məşğul olan qadınlara dəstək olmaq əvəzinə, onların yoluna “daş” qoyurlar. Banklar sahibkarlıqla məşğul olan şəxsləri cinsə görə ayırd etdikləri üçün, xanım sahibkarları çətinliyə salırlar.

“Sahibkarlar banklardan kredit ala bilmək üçün maliyyə dayanıqlığını təsdiq və kifayət qədər rentabelli layihə təqdim etməlidirlər”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, qadınların sahibkarlıqla məşğul olmasına heç bir məhdudiyyət yoxdur: “Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 100 mindən çoxdur. Onların 32 faizə yaxını Bakıda, 17 faizə yaxını Aran bölgəsində, 16 faizi Gəncə-Qazax, 10 faizə yaxını Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərir, qalanları digər regionların payına düşür. Sahibkarlıqla məşğul olan qadınlara bank tərəfindən kredit verilişində problemin yaranmasının müəyyən səbəbləri var. İlk olaraq bildirim ki, banklar sahibkarlıqla məşğul olacaq şəxslərə kredit verərkən onun gəlirinin hansı səviyyədə olduğunu nəzərə alırlar. Həmçinin, zamin və girov ona görə tələb olunur ki, bank özünü sığortalayır. Gələcəkdə sahibkar krediti qaytara bilməyəndə bank verdiyi vəsaiti geri ala bilsin.

Onu da əlavə edim ki, sahibkarlar banklardan kredit ala bilmək üçün maliyyə dayanıqlığını təsdiq və kifayət qədər rentabelli layihə təqdim etməlidirlər. Lakin ikili mühasibat aparan, şəffaf fəaliyyət göstərmyən biznes subyektləri banklar üçün risqli müştəri hesab olunduğundan, onlara kredit verilmir".

Mənbə: www.baki-xeber.com