Beynəlxalq Enerji Agentliyi: Karbon emissiyaları yenidən artır

Beynəlxalq Enerji Agentliyi: Karbon emissiyaları yenidən artır

Bakı, 2 mart, AZƏRTAC

Tarixi azalmadan sonra karbon emissiyalarında yenidən artım müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bildirilir ki, ötən ilin dekabr ayında 2019-cu ilin eyni ayı ilə müqayisədə qlobal karbon emissiyaları 2 faiz artıb. 2020-ci ildə epidemiyadan qaynaqlanan məhdudiyyətlərin təsiri ilə enerjidən istifadədə karbondioksid emissiyaları İkinci Dünya müharibəsindən bəri ən aşağı səviyyəyə enmişdi. Bununla yanaşı, ölkələr məhdudiyyətləri aradan qaldırdıqdan sonra iqtisadi fəaliyyətlər və emissiyalar ilin sonlarında yenidən əvvəlki tempə qayıtdı.

IEA-ya görə, keçən il enerjidən qaynaqlanan emissiyalar əvvəlki ilə nisbətən təxminən 2 milyard ton (5,8 faiz) azalıb. Həm ABŞ-da, həm də Avropa İttifaqı (Aİ) üzrə emissiyalar 10 faiz azalıb. Bu azalma məhdudiyyətlərin artdığı vaxt - ən çox mart, aprel və may aylarında müşahidə edilib. ABŞ və Aİ-də emissiyalar yaz aylarında azalsa da, Çinin karbon emissiyaları illik müqayisədə 0,8 faiz artıb. Emissiyalardakı bu artım əsasən ilin sonuna təsadüf edir. Çinin karbon emissiyaları 2020-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayına görə 7 faiz artıb.

Ötən il dünyada enerjidən qaynaqlanan emissiyaların azalmasının əsas səbəbləri sırasında işçilərin karantinə alınması, müəssisələrdə işlərin yavaşlaması və nəqliyyatın azalmasıdır.

Agentliyin açıqlamasına görə, dünyada səyahət və iqtisadi fəaliyyətlər artmağa başladıqca, neft istehlakı və karbon emissiyaları da yenidən artmaqdadır. Dünyada epidemiyadan sonrakı dövrdə eyni vaxtda həm normal həyata qayıtmaq, həm də emissiyaları ciddi şəkildə azaltmaq üçün mübarizə apararılır. Lakin, IEA məhdudiyyətlərin ləğvi ilə karbondioksid emissiyalarının sürətli artımından narahat olduğunu bildirib.

Mənbə: azertag.az