Muxtar respublikada ümumi tutumu 7 min 550 ton olan 15 soyuducu anbar yaradılıb

Muxtar respublikada ümumi tutumu 7 min 550 ton olan 15 soyuducu anbar yaradılıb

Naxçıvan, 2 mart, AZƏRTAC

2016-2020-ci illərdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 5 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması, həmçinin özəl investisiya qoyuluşu hesabına Babək rayonunda 1, Şərur rayonunda 9 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına ümumi tutumu 7 min 550 ton olan 15 soyuducu anbarın yaradılması, 2 soyuducu anbarın tutumunun 240 ton genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib.

Hazırda muxtar respublika tutumu 19 min 390 ton olan 42 soyuducu anbarın fəaliyyət göstərməsi meyvə-tərəvəz məhsullarının qış aylarında istehlakçıya çatdırılması ilə yanaşı, ixrac həcminin də artırılmasına şərait yaradır.

Qeyd edək ki, soyuducu anbarların yaradılması məqsədilə görülən işlər kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin digər mühüm təzahürüdür. Bu sahəyə özəl investisiya qoyuluşunun da artması qazanılan uğurların artmasına səbəb olur. Həyata keçirilən tədbirlərin mütərəqqi əhəmiyyəti ondan ibarətdir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na icrasına uyğun olaraq soyuducu anbarların yaradılması muxtar respublika əhalisinin ilin hər fəslində keyfiyyətli yerli məhsullarla təmin edilməsinə imkan verməkdədir.

 

Mənbə: azertag.az