Qlobal GMO terroru: Azərbaycan necə qorunur? - ARAŞDIRMA

Qlobal GMO terroru: Azərbaycan necə qorunur? - ARAŞDIRMA

Ölkəmizdə genetik strukturu şübhəli genlərlə dəyişdirilmiş məhsulların istehsalı, idxalı və və satışı niyə artır?

Son zamanlar aktual məsələlərdən biri də ölkəyə biotəhlükəli malların idxalı və istehsalının artmasıdır. Bazar-dükanlar belə məhsullarla doludur. Dünyada açıq şəkildə qida terrorunun həyata keçirildiyi bir vaxtda bu sahədə müdafiəsiz qalmaq çox təhlükəlidir.

ABŞ-dan dünyaya ixrac olunan problem nəyə səbəb olur?

Qida məhsullarının yararlılıq müddətini uzatmaq və dadlılığını artırmaq məqsədilə onların genetikasının dəyişdirilməsi təcrübəsi ilk dəfə keçən əsrin ortalarında ABŞ-da həyata keçirilib. Hazırda geni dəyişdirilmiş məhsulların istehsalı və istifadəsinə, həmçinin dünyaya yayılmasına görə də ABŞ liderlik edir.

ABŞ-ın bir çox transmilli şirkətləri bütün dünyada, xüsusən də, əhalisinin əksəriyyəti yoxsulluq səviyyəsində yaşayan ölkələrdə genetik səviyyədə modifikasiyaya uğramış kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və satışını durmadan artırır. Genetik modifikasiya olunmuş (GMO) məhsullar həmin ABŞ transmilli şirkətləri üçün böyük gəlir mənbəyidir.

Son 20 ildə GMO məhsullar dünyanın əksər ölkəsində təbii məhsulları sıхışdırmağa başlayıb. BMT ekspertlərinin araşdırmalarına görə, artıq dünyada əkin sahələrinin 70 faizində transgen məhsullar becərilir.

Son illər təbii məhsul əkin sahələrinin sayı 10 dəfələrlə azaldılıb. Artıq əksər ölkələrdə fermerlər asan qazanc məqsədilə geni dəyişdirilmiş məhsullara üstünlük verirlər. Bu vəziyyət davam etsə, yaхın illərdə təbii bitkilərin əkin sahəsi tamamilə məhv edilə bilər.

Araşdırmalara görə, hazırda dünya əhalisinin 70-80 faizi genetik dəyişikliyə məruz qalan məhsullarla qidalanır. Tədricən insanların gen strukturunda ciddi dəyişikliklər baş verir.

GMO məhsullar bəşəriyyətə ağır faciələr bəxş edir

Əgər ekoloji cəhətdən təmiz və ya normal şəraitdə yetişdirilən, kənd təsərrüfatı məhsullarını saxlama müddəti çox az olursa, GM məhsullarda bu müddət uzundur. Belə məhsulları uzaq məsafələrə daşımaq, satmaq və ya emal etmək asandır. Çünki, “mutant” meyvə uzun müddət normal vəziyyətdə qalır.

Qeyd edək ki, transgen məhsullar becərilərkən uyğun olmayan genlər birləşdirilir. Gen heyvanlardan, bitkilərdən, hətta viruslardan götürülə bilər. Alimlərin əksəriyyəti GMO məhsulların geniş yayılmasının əleyhinədir.

Bu məhsulların zahiri gözəlliyi arxasında dəhşətli və təhlükəli xəstəliklər dayanır. Ən təhlükəlisi isə budur ki, bu məhsullar insanın genetik strukturunda dəyişiklərə səbəb olur. Belə məhsullarla qidalanan adamın övladlarında dəyişikliklər təhlükəli, nəvələrində isə faciəli formada olur. Transgen məhsullar insanlarda sonsuzluq yaratmaq xüsusiyyətinə malikdir.

Təsadüfi deyil ki, hazırda bir sıra ölkələr geni dəyişdirilmiş məhsulların istehsal və satışına qadağa qoyub. Bir çox ölkələrdə isə geni dəyişdirilmiş məhsulun хüsusi işarələnməsi qaydaları tətbiq olunur. İstehsalçı məhsulun üzərində geni dəyişdirilmiş orqanizmin olması haqqında məlumat yerləşdirməlidir. Lakin dünyada tamamilə GMO-laşdırılmış qarğıdalı və portağaldan hazırlanan məhsulların üzərində “tərkibində GMO yoxdur” qeydi vurulur.

Alimlər həyəcan təbili çalır, amma...

Gen mühəndisliyinin inkişafı artıq təhlükəli tendensiyalara təkan verib. Bəzi araşdırmalara görə, tədricən insanların genində dəyişikliklər baş verir. Hətta, yaxın gələcəkdə bir sıra təhlükəli xəstəliklərin yaranması və yayılması da ehtmal edilir. Alimlər israr edirlər ki, belə məhsullardan daimi istifadə insanları mutantlara və zombilərə çevirəcək.

Fransada aparılan elmi araşdırmada GMO məhsulların xərçəng yaratdığı təcrübədə sübut olundu. Alimlər bildirilər ki, GMO bütün orqanizmi tədricən məhv edir.

Rusiyanın Timiryazev adına Bitkilərin Fiziologiyası İnstitutunun bir qrup alimi transgen məhsullara qarşı çıхıb. Alimlər bildiriblər ki, belə məhsullar sağlamlıq üçün ciddi təhlükələr yaradır.

Almaniya mütəхəssisləri isə məhsul becərilməsi zamanı digər qiymətli bitki sortlarının məhv edilməsinə etiraz bildiriblər. Onların fikrincə, yaхın gələcəkdə ititirlmiş təbii məhsulları bərpa etmək mümkün olmayacaq.

Bəzi beynəlxalq araşdırma mərkəzlərinin rəyinə görə, GMO texnologiyasının arxasında nəhəng qlobal qüvvə dayanır və bu prosesdə gizli məqsədlər güdülür. Böyük elmi mərkəzlərin “onların” nəzarətində olduğu qeyd edilir. Məhz buna görə, GMO-ya qarşı mübarizə effekt vermir.

Azərbaycana GMO idxalı ÜTT-nin təzyiqi ilə reallaşıb

Bəzi ekspertlər ölkə bazarındakı ərzaq məhsullarının 80 faizdən çoxunun GMO olduğunu iddia edirlər. Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq jurnalist Lalə Mehralının sözlərinə görə, dükan bazarda satılan kənd təsərrüfatı məhsullarının azı 70 faizi GMO məhsullardır: “Təxmini hesablamalara və müşahidələrimizə görə, tərəvəzlərin 80, meyvələrin 40, paxlalıların və buğdanın isə 60 faizdən çoxu GMO-dur. Emal qida məhsullarının isə 70 faizi geni dəyişilmiş məhsullardan hazırlanıb. Bu məhsulların bir hissəsi xaricdən idxal olunur bir hissəsi də ölkədə istehsal olunur. Geni dəyişdirilmiş məhsul növlərinin nəzarətsiz əkilməsi həm insanlara, həm də bütün təbiətə ağır zərbələr vurur".

Sosioloq deyir ki, əhalinin çoxu hələ də geni dəyişdirilmiş məhsulların nə demək olduğundan хəbərsizdir: "Fermerlər əkdikləri bitki növünün transgen ola biləcəyini düşünmürlər. Bir çoxu isə bilərəkdən belə məhsullar əkib becərir- çünki daha çox qazanc əldə edəcəklərini düşünürlər. Amma onu bilmirlər ki bu transgen bitkilər torpağı məhv edir, onu özünə öyrəşdirir, toxum vermir və əkinçilər hər il toxum satandan asılı vəziyyətə düşürlər. Alıcılar isə ağına bozuna baxmadan istənilən ucuz məhsulu almaqda maraqlıdırlar. Lakin bunu bilmirlər ki, GMO gecpartlayan bombadır.”.

“Niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik?”

İqtisadçı ekspert Vüqar Abbasov deyir ki, hazırda Azərbaycana idxal edilən və ölkədə istehsal edilən ərzaq məhsullarının çoxu genetik modifikasiyaya uğramış məhsullardır: “Ölkədə GMO məhsulların idxalı, istehsalı, emalı və satışı proseslərinə nəzarət yoxdur: “Üstəlik, əhali də bu problemlə bağlı çox məlumatlı deyil. Bizdə bir çoxunun da təqliddən xoşu gəlir, özləri bir yana uşaqları da dadandırıblar “McDonalds”kimi yerlərə, süni kimyəvi şirniyyatlara və içkilərə: “Fast-food şəbəkələrinin, xüsusilə də “McDonalds”ın menyusunun bəzəyi olan hamburger, hot-doq və digər yeməklərində istifadə edilən qidalar tamamilə transgen məhsullardır.

Məlumdur ki, broyler toyuqları hormonla böyüdülür, bitki yağları belə məhsullarla hazırlanır. “Cipsi”lərin hazırlanmasında yalnız GMO kartof növündən istifadə edilir. Şirniyyatlarda kimyəvi şəkərdən, GMO məhsullardan yararlanırlar. Bütün bunlar bioloji strukturun dağılmasına və insanın immunitet qabiliyyətinin məhv olmasına gətirib çıxarır”.

Ekspertin fikrincə, idxal olunan məhsulların kimyəvi tərkibi kömrükdə ciddi yoxlanmalıdır: “GMO məhsullar ölkəyə buraxılmamalıdır. Eyni zamanda, ölkədə GMO toxum əkilməsinə ciddi qadağa qoyulmalıdır”.

İqtisadçı deyir ki, bu gün GMO məhsullar ölkədə bir çox yerli bitkilərin nəslini kəsmək üzrədir: “GMO isə reproduksiya vermir. Üstəlik, torpağı özünə öyrəşdirir, sonra orda təbii bitki yetişmir. Məcbursan, ancaq GMO toxum almağa. Belədə, bütün aqrar sektor qalacaq “Monsanto” kimi şirkətlərin əlində. Bu isə ərzaq təhlükəsizliyi baxımından dəhşətli təhlükədir. Bir il toxum verməsələr bizim kənd təsərrüfatı ağır vəziyyətə düşəcək. Və ya istədikləri qiyməti qoyacaqlar. Bu proses bizə çox baha başa gələcək. Ölkənin böyük təbii potensialı var, milyard tonlarla təbii kübrə var, münbit torpaqlar, gözəl iqlim şəraiti, məhsuldar təbii toxumlar var. Bu halda biz niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik?”

Azərbaycanda GMO-nu qadağan edən qanunlar var, lakin işləmir”

GMO məhsulların idxalının qarşısını almaq üçün bəzi qanunlarda müddəalar var: “Məsələn, Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlarda göstərilib ki, həmin GMO orqanizmlərin, genetik maddələr ölkəyə gətirilməsi qadağandır. Lakin Azərbaycanda bunu reallaşdırmaq üçün müvafiq laboratoriya və mütəxəssislər yoxdur.

2007-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları” haqqında qanun qəbul olunsa da, qanunun sonuncu maddəsində göstərilən “GMO-nun üzərində məlum nişanlar olmalıdır ki, istehlakçılar bunu ayırd edə bilsinlər” qaydası hələ Azərbaycanda reallaşmayıb. Həmin qanunda GMO-lu məhsulların qadağan olunması haqqında maddə var. Laboratoriyalarda yoxlamadan sonra belə meyvələr Azərbaycana gətirilə bilməz.

2012-ci ilin 7 fevral tarixində ölkə prezidentinin genetik modifikasiya olunmuş məhsullarla bağlı ayrıca fərmanı oldu. Lakin fakt budur ki, bu qanunların tələblərinə əməl olunmur.

Qeyd etmək lazımdır ki, son 10 ildə Azərbaycanda əlil və ciddi xəstəliklərlə doğulan uşaqların sayı artır. Mütəхəssislər yeni doğulanların 30-40 faizinin genetik fəsadlara məruz qaldığını bildirirlər. Bundan başqa, təhlükəli xəstəliklərin, immun çatışmazlığı və qan azlığının da geniş yayılması etiraf olunub. Burda GMO-nun əsas rollardan birini oynamağına şübhə yoxdur.

Beləliklə, GMO məhsullar Azərbaycan əhalisi və ölkə iqtisadiyyatı üçün böyük təhlükədir. Gec də olsa bu vəziyyətdən çıxmağa çalışmalıyıq. Yerli toxumçuluğun inkişafı üçün prezidentin xüsusi fərman və tapşırıqları var, bu sahədə bəzi işlər də görülüb, yerli toxumçuluq təssərrüfları yaradılıb. Amma bu işi daha böyük miqyasda aparmaq lazımdır. Biz yerli toxumlarımızı sıradan çıxarılmasına imkan verməməliyik. Hökumət bu barədə ciddi düşünməlidir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Mənbə: sia.az