Qafqaz uğrunda rəqabətə yeni mühüm geosiyasi oyunçu qoşulur, əsas tərəfdaş qismində isə Azərbaycanı görür...

Qafqaz uğrunda rəqabətə yeni mühüm geosiyasi oyunçu qoşulur, əsas tərəfdaş qismində isə Azərbaycanı görür...

Geosiyasi, geoiqtisadi mövqeyinə görə Cənubi Qafqaz böyük güclərin daim xüsusi diqqət mərkəzində yer alıb. Elə indinin özündə də ABŞ, Avropa, Rusiya üçün bu region mühüm əhəmiyyət daşıyır. Amma görünən odur ki, tezliklə bu güclərin sırasına daha bir mühüm oyunçu qoşulacaq. Söhbət dünyanın ən böyük güclərindən biri hesab edilən Çindən gedir.

Çin Qafqaza iqtisadi rıçaqlar vasitəsilə daxil olmağı indi qarşısına əsas məqsədlərdən biri kimi qoyub. “Karnegi Moskva Mərkəzi”nin portalında dərc olunmuş məqalədə bu xüsusda qeyd edilir: “Çin özünün ticarət və enerji arzularının gerçəkləşdirilməsində Qərbə doğru daha bir addım atmaq üçün Orta Asiyadakı uğurunu Qafqazda təkrarlamalıdır. 2002-2005-ci illərdə Çinin Orta Asiya ilə ticarəti dörd dəfəyədək artıb: 2.3 milyard dollardan 8.8 milyard dollara yüksəlib. 2019-cu ildə isə bu rəqəm 46 milyard dollar olub. Otuz ildən də az müddət ərzində Çin Orta Asiyada bütün sektorlarda fundamental şəkildə oturuşub. İndi isə Tsi Tsinpin administrasiyası Qafqazla əməkdaşlığa təkan vermək üçün mühüm addımlar atır. 2016-2020-ci illərdə Çinlə Qafqaz regionu arasında ticarət 1.9 milyard dollardan 3.6 milyard dollara çatıb. Çin şirkətləri sənayeləşməni sürətləndirməkdən ötrü regiondakı hökumətlərlə işləyirlər. Azərbaycanın iqtisadi diversifikasiya siyasəti və Çinin sənaye qabiliyyətini transfer etmək həvəsi iki ölkənin iqtisadi əməkdaşlığını sürətləndirir. 2018-ci ildən Azərbaycanda bir neçə irimiqyaslı Çin layihəsi işə salınıb: Ələt limanında 1.5 milyard dollarlıq sənaye parkı, 1.17 milyard dollarlıq tam dövrlü polad zavodu, 300 milyon dollarlıq şin zavodu və utilizasiya zavodu. Çin, eyni zamanda, Gürcüstan və Ermənistanla da əlaqələri genişləndirir, ancaq bu ölkələrlə bağlı problemlərin də olduğu diqqətdən yayınmır”. O da qeyd edilir ki, Azərbaycan, Gürcüstan və Ermənistandan fərqli olaraq, Çinin ölkə daxilində iqtisadi dominanta çevrilməsinə imkan vermək niyyətində deyil . Məsələn, Azərbaycan Çinin ticarət və enerji şəbəkəsinə tam qoşulmayıb. Çin Azərbaycanla iqtisadi əlaqələrə təkan verəcək bəzi əsas maliyyə razılaşmalarını bağlaya bilməyib. Valyuta mübadiləsi, azad ticarətlə bağlı razılaşma yoxdur, Gürcüstan və Ermənistanla isə bağlanıb. Amma Azərbaycanın nəqliyyat infrastrukturu Qazaxıstana Xəzər dənizi ilə gələn Çin malları üçün vacibdir.

O da xüsusi olaraq qeyd edilməlidir ki, Çinin "Bir kəmər, bir yol" adlı iqtisadi inkişaf strategiyasının əsas dövlətlərindən biri də məhz Azərbaycandır. Pekinin hələ 2013-cü ildə elan etdiyi "Bir kəmər, bir yol" adlı iqtisadi inkişaf strategiyası, tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla, Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Avrasiyanın mərkəzində, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Buna qədər isə, coğrafi mövqeyindən bəhrələnərək, Azərbaycan Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırıb. Ölkəni qonşuları ilə birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaradılıb. Orta dəhliz adlandırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti isə bu mənada təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, eyni zamanda, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu həm də “Şərq-Qərb” nəqliyyat dəhlizinin mühüm hissəsidir.

Burada bir məsələni də xatırladaq ki, Çinin elan etdiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası həm də Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu fonda Bakı-Tiflis-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Yəni bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Ermənistanla 10 noyabr bəyanatının razılaşdırılmasından sonra isə bu siyahıya Naxçıvan dəhlizi də aid edilə bilər. Naxçıvan dəhlizi Türkiyə və İranın da daşınma prosesinə qatılması üçün olduqca önəmlidir. Xatırladaq ki, 2017-ci ilin dekabrında Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlayıb. Elə bundan sonra Bakı-Tiflis-Qarsın Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi aktuallaşıb. Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində də müvafiq addımlar atılır. Bu fonda Qafqazda Çin üçün Azərbaycan əsas tərəfdaş hesab edilir.

Samirə SƏFƏROVA

Mənbə: www.baki-xeber.com