Azad edilmiş ərazilərdə kənd təsərrüfatı: Bu potensialdan necə istifadə olunacaq?

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı: Bu potensialdan necə istifadə olunacaq?

İşğal altında olan ərazilərimizin azad olunması Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar açır.

Bu bölgə ölkəmizin ən münbit torpaqları hesab olunur. Təbii sərvətlərlə zəngin olması ilə yanaşı Azərbaycanın su ehtiyatlarının da böyük hissəsi bu ərazilərdə yerləşir ki, bu da həmin əraziləri kənd təsərrüfatı üçün xüsusilə əlverişli edir.

Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub: “Qarabağın böyük kənd təsərrüfatı potensialı var.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib”.

Azərbaycanda buğda istehsalının artırılması xüsusilə aktualdır. İllərdir ki, idxalın azaldılmasına çalışılsa da, hələlik buna müvəffəq olunmayıb. Pandemiyanın yaratdığı yeni şərait isə ölkəmizin taxıl idxalından asılılığının azaldılmasını şərtləndirir.

Xatırladaq ki, Azərbaycanın böyük taxıl idxalçılarından biri olan Rusiyada taxıl idxalına görə gömrük rüsumları artırılıb və idxalla bağlı xüsusi qaydalar tətbiq edilib.

Azərbaycanda isə hökumət çörəyin və un məmulatlarının bahalaşmasının qarşısını almaq məqsədilə un istehsalçılarına hər ton üçün subsidiyaların ayrılması haqda qərar qəbul edib. Bu da buğda istehsalının ölkəmiz üçün strateji məsələyə çevirildiyinin göstəricisidir.

Qeyd edək ki, Qarabağın Azərbaycanın buğda istehsalının artmasında xüsusi rol oynayacağı gözlənilir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda da qeyd olunur ki, aparılan təhlillər işğaldan azad olunmuş ərazilərin taxılçılıq üçün çox yararlı olacağını göstərir. Eyni zamanda bildirilib ki, minalardan təmizləmə prosesi getdikcə, orada ərazilərin bərpası ilə paralel əkin-biçin prosesi də aparılacaq.

Ekspertlər hesab edirlər ki, qeyd olunan ərazilərdə Azərbaycanın indiki təlabatının təxminən 8-10 faizi həcmində taxıl istehsal etmək mümkündür. Belə ki, Qarabağda suvarma üsulu ilə taxıl istehsalından başqa bölgənin bəzi hissələrində həm də dəmyə üsulu ilə taxıl becərmək mümkündür. Yəni ərazi relyefinə görə süni olaraq suvarılmır.

Bu ərazilərdə taxılın məhsuldarlığı bir qədər aşağı olur. Bununla belə ümumilikdə ərazidə təlabatın 8-10 faizidək taxıl istehsal etmək mümkündür. Müasir texnologiyalardan, becərmə üsullarından istifadə olunarsa, istehsal həcmi bir qədər də yüksəlmiş olacaq.

Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağın böyük kənd təssərüfatı potensialı var və bu poptensial təkcə taxılçılıqla yekunlaşmır. Qeyd edək ki, işğaldan əvvəlki dövrdə Qarabağda üzümçülük, heyvandarlıq, tərəvəzçilik də geniş inkişaf etmişdi.

Hətta ekspertlər hesab edirlər ki, əgər normal infrastruktur yaradılarsa, Qarabağ torpaqları gələcəkdə Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəsinə görə Abşeron iqtisadi rayonundan sonra ikinci yeri tutacaq.

Xatirə Nəsirli

Mənbə: cebhe.info