Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb

Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb

Qax, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu martın 1-dən başlayaraq Qax şəhərində sakinlərə səyyar formada xidmət göstərir. Səyyar xidmətin ilk günündə sakinlər tərəfindən 130-dək müraciət qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Vüqar Cəfərov məlumat verib.

Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.

Xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Vətəndaşlara xidmətlər koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla həyata keçirilir.

Səyyar “ASAN xidmət” Qaxda sakinlərə martın 19-dək xidmət göstərəcək

Mənbə: azertag.az