Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üzümçü fermerlər üçün təlimlər keçirir

Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üzümçü fermerlər üçün təlimlər keçirir

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üzümçülüklə məşğul olan fermerlər üçün “Üzüm bitkisində quru budama, aqrotexniki qulluq işlərinin optimal müddətdə yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlimləri davam etdirir.

Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki rayonunun Şəkikənd kəndində keçirilən təlimdə mütəxəssislər üzümçü fermerlərə məhsulun keyfiyyət və kəmiyyətcə yüksəldilməsində, həmçinin tənəyin cavanlaşdırılmasında mühüm əhəmiyyəti olan quru budamanın aparılmasını əyani şəkildə göstəriblər. Diqqətə çatdırılıb ki, tənəklərin quru budaması adətən noyabrda, bitkinin yarpaqları töküldükdən, zoğlarda şirə axını dayandıqdan sonra başlanır və fevralın sonu - martın birinci ongünlüyündə başa çatdırılır. Təlim iştirakçılarına yüksək və keyfiyyətli məhsul əldə olunması üçün budama vaxtı tənəkdə saxlanılan optimal göz sayının bitkinin qida sahəsindən, sortdan, torpaq-iqlim şəraitindən asılı olaraq necə müəyyən olunması izah edilib. Bildirilib ki, gözlərin sayı bu amillərdən asılı olaraq 70-80 və ya 80-100 arasında dəyişə bilər.

Fermerlərə budama və zoğların kəsilmə qaydası əyani olaraq göstərilib. Eyni zamanda, fermerlərə payız-qış və yazqabağı dövrlərdə üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı aparılan profilaktiki tədbirlər, qida balansının və su rejiminin tənzimlənməsi barədə ətraflı məlumat verilib.

Təlim prosesində mərkəzin mütəxəssisləri tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: azertag.az