Pandemiya bir yandan, aviabiletlərin bahalığı bir yandan - Azərbaycan turizmini öldürən iki səbəb…

Müzəffər Ağakərimov: “Aidiyyəti qurumlar bu sahənin inkişaf etdirilməsini istəyirlərsə, qiymətlərin əlçatanlığını təmin etməlidirlər”

Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşlar bahalaşıb. Bahalaşma ölkəmizdən də yan keçməyib. Hazırda Bakıdan uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb. Bir istiqamətə alınan bilet əvvəl maksimum 300 manat civarında idisə, indi bu qiymət 800 manata yaxındır.

Danılmaz faktdır ki, koronavirus isfeksiyası bütün dünya ölkələrində turizm sektoruna təsir etdi. Vəziyyətdən çıxış yolu üçün bəzi ölkələr aviabiletlərin qiymətini endirdilər. Turistlərin diqqətini cəlb etmək üçün aviabiletlərin qiymətinin enməsi turizm sektorunun inkişaf etməsinə səbəb olacaq.

Ancaq bizim ölkədə aviabiletlərin qiyməti enmir, hətta qiymət artımı müşahidə edilir. Təbii ki, aviabiletlərin qiymətinin qalxması ölkəyə gəlmək istəyən turistlərin sayına təsir edir.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

“Yaxın vaxtlarda rəqabət sistemi güclənərsə, aviaşirkətlər Azərbaycana gələrsə, qiymət məsələsində dəyişikliklər ola bilər”

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, qiymət artımı sərnşinlərin büdcəsinə öz mənfi təsirini göstərir: “Ölkədə qiymət siyasəti belədir – hər bir təşkilat öz qiymətini qoyur və heç kim ona təsir edə bilmir. Təsir imkanları olmadığı halda nə etmək olar? Qiymət artımı pandemiyadan öncə də aktual idi, yəni səbəb bu deyil. İstanbuldan Parisə uçuş qiyməti 270 manatdır. Amma Bakıdan eyni istiqamətlərə uçuş nəzərəçarpacaq dərəcədə bahadır”.

Həmsöhbətimiz qeyd etdi ki, pandemiya ən böyük zərbəni ölkənin turizm sektoruna vurub. Aidiyyəti qurumlar bu sahənin inkişaf etdirilməsini istəyirlərsə, qiymətlərin əlçatanlığını təmin etməlidirlər: “Ölkəyə turist cəlb etmək istəyiriksə, aviabiletlərin qiyməti münasib olmalıdır.

Ekspert onu da vurğuladı ki, pandemiyanın Azərbaycan turizminə 90 faiz mənfi təsiri olub: "Lakin inanırıq ki, daxili turizm yavaş-yavaş inkişaf edəcək. Yaxın vaxtlarda rəqabət sistemi güclənərsə, aviaşirkətlər Azərbaycana gələrsə, qiymət məsələsində dəyişikliklər ola bilər”.

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Bu gün Ərdoğan və Makron arasında görüş olacaq

SONRAKI XƏBƏR

“Aqrar Tədarük və Təchizat” ASC yeni təlimlərə başlayıb