Jurnalistlər məmurlarla sosial islahatları müzakirə etdilər - Daşkənddə

Jurnalistlər məmurlarla sosial islahatları müzakirə etdilər - Daşkənddə

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın paytaxtı Daşkənddə qeyri-dövlət elektron KİV, ictimai təşkilatların nümayəndələri, millət vəkilləri və hökumət üzvlərinin iştirakı ilə sosial sahədə aparılan islahatlar müzakirə edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iclas Özbəkistan Milli Elektron Medialar Birliyi və Respublikanın Milli Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının təşəbbüsü ilə baş tutub.

“Açıq dialoq: sosial sahə – dünən, bu gün, sabah” mövzusunda baş tutan iclasda bildirilib ki, 2017-2020-ci illərdə Özbəkistanda sosial sahəyə 188,8 trilyon som (22 milyard dollar) məbləğində vəsait ayrılıb. Müzakirəyə qatılan rəsmilər bu vəsaiti necə xərclədiklərini izah ediblər və gələn il üçün planlar açıqlanıb. Baş nazirin müavini Beqzod Musayev vurğulayıb ki, xüsusən 2020-ci il sosial sahədə çalışanlar üçün çətin dövr olub:

“Büdcə vəsaitlərinin əsas hissəsi pandemiyaya qarşı mübarizə aparan həkimlərin dəstəklənməsi, Daşkənddə və bölgələrdə tibb mərkəzlərinin inşası, məktəb və uşaq bağçalarının təmiri və yenidən qurulması, ehtiyacı olanlara maddi yardımın göstərilməsinə yönəldilib. COVID-19 pandemiyasına qarşı mübarizə hələ də ölkə üçün prioritet olaraq qalır”.

Bildirilib ki, 2021-ci il dövlət büdcəsində 3 trilyon som (285 milyon dollar) ehtiyat yaranıb. Bu vəsait əhalinin koronavirus infeksiyasına qarşı peyvənd edilməsi üçün istifadə ediləcək.

Hökumət üzvü deyib ki, “Özbəkistanda çinli alimlərlə birlikdə birgə peyvəndin klinik sınaqlarının 1 və 2-ci mərhələləri uğurla başa çatıb. Hazırda 7 min insanın iştirak etdiyi üçüncü mərhələ davam edir. Tezliklə, Özbəkistana təxminən 1 milyon doza Özbək-Çin peyvəndi gətiriləcək. 200 milyon dollar işin keyfiyyətinin yüksəldilməsinə və sanitariya-epidemioloji xidmətin maddi-texniki bazasının yaxşılaşdırılmasına, müasir laboratoriyaların yaradılmasına xərclənəcək”.

Yeri gəlmişkən, Özbəkistan hesab edir ki, COVID-19 pandemiyasından nisbətən tez çıxması yerli təbabət mühüm rol oynayıb. Hökumət özünün yaydığı hesabatlarda xüsusi olaraq vurğulayır ki, son 4 ildə aparılan sistematik islahatlar və ölkə liderinin bu sahəyə şəxsi diqqəti də pandemiyaya qarşı mübarizəni effektli edib. Xüsusilə tibb işçilərinin maaşlarının 1,5 qat artırılması, ixtisaslaşmış tibb mərkəzlərinin sayının 18-ə çatdırılması, bölgələrdə 310 xüsusi şöbənin yaradılması, təcili yardım maşınlarının sayının 818-dən 1666-ya yüksəldilməsi hesabatlarda öz əksini tapıb.

Xalq Təhsili naziri Şerzod Şermatov isə bildirib ki, ötən müddət ərzində 31 yeni məktəbin inşası, 320 məktəbin təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması üçün 2021-ci ildə büdcədən 2 trilyon som (190 milyon dollar) ayrılacaq. Səlahiyyətlilər bölgələrdə özəl məktəblərin yaradılmasına da təkan verəcəklər. Bundan əlavə, 240 min müəllimin maaşlarının 1,5 dəfə artırılması, bu məqsədlər üçün büdcədən 400 milyard som (38 min dollar) ayrılması planlaşdırılır.

İclas iştirakçıları həmçinin məhəllə təşkilatının islahatı, ailələrə sosial dəstək və qadınların hüquqlarının qorunması məsələlərini müzakirə ediblər. Qeyri-hökumət sektorunun nümayəndələri xüsusilə əlil övladı olan tək analara himayə sistemini gücləndirmək və sosial məsələlərdə yardım göstərilməsində dövlətin, özəl sektorun və könüllü xidmətlərin səylərini birləşdirməyi təklif ediblər.

Mənbə: konkret.az