Azərbaycanda qumar oyunları aktiv hala gələcək

Fevralın 27-də “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.

Bir çox ekspertlər hesab edirlər ki, prosesə xarici investorların cəlb edilməsi “Azerlotereya”nın gəlirlərlərini artacaq və “qara bazar”ın payını azalacaq.

Bu müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyət səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, “kölgə iqtisadiyyatı”nın azaldılması, dövlət şirkətlərinin sağlamlaşdırılması məqəsdi güdür. Eyni zamanda həm də uğurlu təcrübə olacaq. Bu isə o deməkdir ki, analoji addımların davamı gözlənilir.

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, yerli sahənin inhisarçılıqldan azad olunması üçün bazarda ən az 3 oyunçu olmalıdır. Bazara ikinci bir oyunçunun daxil olması, hələ inhisarçılıqdan yaxa qurtarılması demək deyil.

 

Eldəniz Əmirov

“Bu günə qədər TOPAZ bazara kimsəni buraxmadan inhisarçı mövqeyini qoruyub saxlayırdı. İndi qumar bazarına yeni oyunçu daxil olur. Daha dəqiq “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə veriləndən sonra bu ASC yeni məhsullar təqdim edərək bazara yeni oyunçu kimi daxil olacaq. Beynəlxalq təcrübədə, həm də yerli qanunvericiliyimizə görə, bir sahənin inhisardan xilas edilməsi üçün o sahənin ən azı 3 oyunçusu olmalıdır. Adətən, bazarın 3 oyunçu ilə təmin edilməsi üçün, belə hallarda ya üçüncü oyunçu yaradılır, ya da bunlardan biri iki yerə parçalanıb fərqli-fərqli 2 təsərrüfat subyektinə satılır. Beləcə bazarda heç bir oyunçu 35%-dən artıq paya sahib olmur.

Amma indiki məqam üçün ən qorxulusu odur ki, bazara ikinci oyunçu kimi daxil olan Türkiyə şirkəti hazırkı fürsətdən istifadə edib TOPAZ-ı da öz nəzarətinə keçirə bilər. Odur ki, hökümət buna icazə verməməli, əksinə, bazarı 3-cü oyunçu ilə təmin etmək üçün yuxarıda qeyd etdiyim üsullardan birini tətbiq etməlidir”,- deyə iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, bu sahədə bazara yeni oyunçunun daxil olması qumar oyunlarını daha da aktiv fazaya gətirəcək. Vətəndaş olaraq bu, xoş qarşılanmasa da, iqtisadçı olaraq, bu sahənin iqtisadiyyata verə biləcəyi faydaları qeyd etməliyəm.

Ekspert həmçinin qeyd edib ki, Azərbaycanda idarə edilməsi ən rahat olan və dotasiyasız fəaliyyət göstərən “Azərlotereya” Türkiyə şirkətinə deyil, yerli peşəkar iş adamlarına verilsəydi, ölkə iqtisadiyyatı daha böyük fayda görərdi.

Qeyd edək ki, Azərbaycanda mərc oyunları əhaliyə dünyada ən əlverişsiz şərtlərlə təqdim edir. TOPAZ hazırda dünyada ən aşağı əmsallar təklif edən mərc kontorudur. Belə əmsallar oyunçuların daha tez müflisləşməsinə səbəb olur. Əvvəllər Azərbaycanda TOPAZ-da oynayaraq müflisləşən və borca düşən insanlarla bağlı faciələr yaşanıb.

Qanunsuz fəaliyyət göstərən “qara bazar” qat-qat yaxşı əmsallar təklif edir. TOPAZ bunu vergilərlə izah etsə də, qurumun fəaliyyəti şəffaf deyil və ölkəyə hansı şəkildə xeyir verdiyi anlaşılmır.

Həmçinin uşaqların bu oyunlara qoşulmasına qarşı heç bir effektli tədbir yoxdur. Ümumiyyətlə, bu tip oyunların qızışdırılması cəmiyyət üçün təhlükə mənbəyidir.

İlhamə

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Cavad Zərif BMT baş katibi ilə əlaqə saxladı

SONRAKI XƏBƏR

Elon Mask yeni şəhər salmağa qərar verdi