Qarabağ alternativ enerji mənbəyinə çevriləcək: Azərbaycan üçün daha bir imkan yaranıb - AÇIQLAMA

Qarabağ alternativ enerji mənbəyinə çevriləcək: Azərbaycan üçün daha bir imkan yaranıb - AÇIQLAMA

Dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrindən istifadə genişlənir.

Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb, amma heç də yüksək nəticələr əldə edilməyib. Qarabağın işğaldan azad edilməsi isə ölkəmizdə alternetiv enerji istehsalı sahəsində də irəliləyişlərə yol açır. Xatırladaq ki, Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında alternetiv enerji istehsalı üçün bu bölgəyə investitsiyaların cəlb ediləcəyini bildirib:

“Qarabağ “yaşıl enerji” zonasıdır.

Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları - çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları - çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir.

Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik”.

İqtisadçı Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi ölkənin enerji təhlükəsizliyinin təmini baxımından Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas vəzifələrdəndir:

“Bu, təkcə Azərbaycan dövlətinin qarşısına qoyduğu deyil, qlobal iqtisadiyyatda da ən çox üzərinə investitsiya qoyulan məsələdir. Diqqət yetirsək, dünyada neft hasilatçısı kimi tanınan bir çox transmilli şirkətlər belə yavaş-yavaş öz inestitsiyalarını bu istiqamətə yönəldir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə müqavilə bağlayıb və alternetiv enerji istehsalının genişləndirilməsi istiqamətində dövlət səviyyəsində çox böyük işlər aparılır”.

İşğaldan azad edilən ərazilərin “yaşıl enerrji” istehsalı potensialına gəldikdə isə iqtisadçı bildirib ki, Azərbaycanın təbiəti çox zəngindir:

“Amma işğaldan azad olunan ərazilərdə iqlim, coğrafi şərait elə yüksək səviyyədədir ki, burada alternativ enerji istehsalına investitsiya qoyub, yüksək nəticələrə nail olmaq üçün daha çox potensial var. Bu bölgə ilin dörd fəslində su ilə zəngindir, Cəbrayıl-Zəngilan bölgəsində bütün fəsillərdə günəş enerjisi boldur. Digər tərəfdən, dağlıq ərazilərdə külək imkanları Azərbaycanın digər bölgələrindən daha yüksəkdir. Bunlar sahənin məhz bu bölgədə inkişaf etdirilməsi üçün imkanlar yaradır. Qubadlıda su elektrik stansiyasının bərpası zamanı da bildirilib ki, Kəlbəcər-Laçın istiqamətində 12 belə stansiya açılacaq. Azərbaycanın digər bölgələrində də çaylar var, amma bu bölgədəki çaylar ilin dörd fəslində bolsulu olur.

Prezident də Cəbrayıl -Zəngilan bölgəsində günəş enerjisinin bolluğunu qeyd etdi ki, bu da çox mühüm məsələdir. Əsas məsələ həmin bölgələrdə təhlükəsizliyin təminidir. Alternativ enerji mənbələrinin tətbiqinə və ondan istifadəni genişləndirilməsinə gəldikdə, bu, heç də çətin deyil, Azərbaycan dövlətinin maliyyə imkanları çərçivəsində olan məsələdir. Xarici investorlar da oraya dəvət olunub. Hesab edirəm ki, təhlükəsizlik məsələsi tam təmin olunduqdan sonra bizim ölkə üzrə alternativ enerji mənbələrindən ən geniş istifadə edəcəyimiz bölgə məhz bu bölgə olacaq”.

Mənbə: cebhe.info