Tıxaclarda itirilən zaman - Necə edək ki, ömrümüz yollarda keçməsin

"Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar" - Ekspert

Artıq bir ildir ki, ölkədə pandemiya şəraitinin davam etməsi bir çox sahələrdə fəaliyyəti iflic edib. Pandemiya nəqliyyatın da hərəkətinə təsirsiz ötüşməyib. Azərbaycanda bu sahə, xüsusən də ictimai nəqliyyatın fəaliyyəti tamamilə iflic olub. Belə olan təqdirdə insanlar saatlarla avtobus gözləməli, yaxud da saatlarla yollarda tıxacda qalmalı olur. Bakının bir başından digər başına çatmaq üçün nə az, nə çox 3-4 saat yolda keçir. Belə olan halda təxminən 2 istiqamət üçün yola xərclənən zaman təxminən iş saatına bərabər - 7-8 saat olur ki, bu da nəticə etibarı ilə işin keyfiyyətini aşağı salır.

Bir çox ölkələr yollarda zamanları, məsafələri qısaltmaq üçün bir-birindən fərqli layihələr icra etsələr də, ölkəmzidə bu problemlə bağlı gözəçarpacaq bir iş görülmür. Metronun işləmədiyi bir ərəfədə avtobusların üzərinə düşən yükü azaltmaq və yollardakı vəziyyəti nisbətən də olsa düzəltmək üçün nələr etmək olar?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Metronun işləməməsi ilə əlaqədar olaraq bu gün ictimai nəqliyyatın fəaliyyəti iflic olub. Bu səbəbdən də insanlar axşam saat 10-dək də küçələrdə gözləməli olurlar. Lakin onu da qeyd edim ki, vəziyyətin bu həddə olmasının tək səbəbi avtobusların sayının az olması deyil, eyni zamanda da Bakı şəhərindəki tikinti işləri ilə əlaqədardır. Normalda metro işləməsəydi belə, avtobuslarla sərnişindaşmanı həyata keçirtmək mümkün olardı. Lakin Bakıda yol-nəqliyyat infrastrukturunun inkişaf etməməsi buna imkan vermir. Bu səbəbdən də düşünürəm ki, indiki vəziyyətdə ictimai nəqliyyatın fəaliyyətinin bərpası üçün metronun açılması vacibdir. Heç olmasa, səhər və axşam saatlarında metro açılarsa, sıxlıq müəyyən qədər də olsa, aradan qalxar".

Ekspert yollardakı sıxlığı, eyni zamanda da zaman sərfiyyatını aradan qaldırmaq üçün digər bir təklif də irəli sürür: "Bakının bir başından digər başına hərəkət etmək çox çətindir. Bunun üçün alternativ nəqliyyat növləri düşünülməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar".

Bakıda infrastrukturun demək olar ki, bir-birinə zəncirvari bağlı olduğunu nəzərə alsaq, tikintilərin də nəqliyyat sistemini iflic etdiyini deyə bilərik. Ekspert də bu qənaətdədir: "Bakının mərkəzində hər hansı bir şəxs, dövlət qurumu istədiyi yerdə nəsə tikə bilər. Hətta istəsə, yolun nəqliyyata aid olan hissəsini də zəbt edə bilər və kimsə ona irad tuta bilməz. Bakıda tikinti özbaşınalığı yollardakı vəziyyəti acınacaqlı həddə çatdırıb və dəhşətli bir mənzərə yaranıb. Əslində bu problemin həlli yolları var. Ümumiyyətlə, şəhərin mərkəzində hündürmərtəbəli binaları tikintisi dayandırılmalıdır. Bundan başqa, Bakıda ərazilərin qanunsuz zəbt edilmələri dayandırılmalıdır".

O bildirir ki, Bakı şəhərində tikinti özbaşınalığı dayandırılmadıqca, avtomobillərin parklanma problemi qaldıqca qarşıdakı illərdə yollarda nəqliyyat sıxlığı bundan bərbad həddə çatacaq: "Dövlət idarələri var ki, onların binaları birbaşa yol kənarında tikilir, yaxud da yol kənarlaırnda olan binalar onlar tərəfindən icarəyə götürülür. Lakin təəssüf olsun ki, həmin o dövlət qurumlarının binasının heç birinin avtomobil parklama yeri yoxdur. Halbuki, həmin dövlət qurumlarına gün ərzində minlərlə şəxs gəlib-gedir. Təbii ki, belə olduğu təqdirdə tıxacların baş verməsi qaçılmazdır. Tıxacların azalması üçün yol-nəqliyyat strukturuna mənfi təsir göstərən problemləri kökündən aradan qaldırmaq lazımdır".

Eldəniz Cəfər yollardakı sıxlığa, zaman itkisinə səbəb olan digər problemdən də danışır: "Gündüz saatlarında yollarda şütüyən ağır tonnajlı yük avtomobilləri də hərəkətin məhdudlaşmasına səbəb olur. Bu avtomobillər 24 saat yollarda şütüyürlər ki, bu da tıxaclara səbəb olur. Tıxacların azalması üçün bu istiqamətdə də addımlar atılmalı, bir iş görülməlidir. Yük avtomobillərin Bakının mərkəzində nə işi var?!".

"Bizim sıxlığa səbəb olan digər problemimiz də avtomobillərin əksəriyyətinin köhnə olması ilə bağlıdır ki, bu da bəzən yollarda tıxaclara, ləngimələrə səbəb olur. Bu nasaz avtomobillərin də hardasa 30 faizi yolda nasaz vəziyyətdə qalır. Biz tıxacların səbəblərini arşadırdıqda görürük ki,əsas səbəb elə nazas avtomobillərdir", - deyə o əlavə edir.

Özü bəzən sükan arxasında, bəzən də ictimai nəqliyyatda işə getdiyini deyən həmsöhbətimiz yaranmış bu vəziyyətin iş həyatına mənfi təsir etdiyini deyir: "Pandemiya dövründə ən çox əziyyəti işləyən şəxslər çəkir. Xüsusən də pik saatlarda bu problem daha da qabarır. Pik saatlarda taksilər də qiyməti qaldırdığı üçün insanlar saatlarla yollarda qalmalı olur".

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı?

SONRAKI XƏBƏR

Üçüncü Böyük DALĞA GƏLİR – Aylarla Evdə QAPALI… /Video