“OPEC +” iclasından sonra neft qiymətlərində pik yüksəliş təmin edilə bilər? - ŞƏRH

“OPEC +” iclasından sonra neft qiymətlərində pik yüksəliş təmin edilə bilər? - ŞƏRH

“OPEC +” ölkələrinin 14-cü iclasında mövcud kvotaların aprel ayında da sabit saxlanılmasına dair qərar verildi. Azərbaycanda həmçinin öz növbəsində müvafiq qərara sadiq qalacağı ilə bağlı öhdəlik götürdü. İclasda Rusiya və Qazaxıstanın hasilatı müəyyən dərəcədə artırmasına dair razılığa gəlindi.

Neft bazarındakı mövcud prosesləri milletinsesi.info-a şərh edən İlham Şaban iclasın nəticələri və bazarda əhəmiyyəti rol oynaya biləcək proseslərdən danışıb.

Artıq bazarda emosiyalar özünü göstərməyə başlayıb

Onun sözlərinə görə, dünən baş tutan “OPEC +” iclasından sonra Bakı vaxtı ilə 19:00 radələrindən başlayaraq neft bazarlarında impulsiv reaksiya müşahidə olundu:

“Dünəndən etibarən neft qiymətlərində 5 faiz, yəni, 3 dollar civarında artım müşahidə etdik. Neft qiymətləri 62 dollardan 67,70 dollar səviyyəsinə qədər artdı. Birja bağlananda isə emosiyalar bir qədər reallığa doğru hərəkət etdi və neft qiymətlərinin 66 dollar civarına qədər eniş etdiyini gördük.

Səudiyyə Ərəbistanın Energetika naziri Əbdül Əziz bin Salmanın da dediyi kimi məsələ qiymətdə deyil, məsələ ötən ilin ortalarında əsas istehlakçı ölkələr tərəfindən toplanmış kommersiya ehtiyatlarının maksimum dərəcədə istifadə edilməsi, bununla da sonrakı dövr üçün tələb-təklif tarazlığının bərpa olunmasıdır. İndiki şəraitdə apreldə yazın gəlişi ilə əlaqədar olaraq hasilatın artırılmaması və Səudiyyə Ərəbistanının 1 milyon barel hasilatı bərpa etməməsi və bazarda stabil dövrün saxlaması çox yaxşı siqnaldır. Bundan sonra da neft qiymətlərindəki ani artımla əlaqədar olaraq qiymətlərin 50 dollara qədər uzcuzlaşmasını müşahidə edə bilərik, son qərar isə bunu kompensasiya etmiş oldu. Demək olar ki, baş verə biləcək enişləri indidən hamarlaya bildik”.

Rusiya və Qazaxıstan hasilatı artıra biləcək...

Ekspert Rusiya və Qazaxıstanın hasilatı artırması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Rusiyanın baş nazirinin müavini Aleksandr Novakın bununla bağlı açıqlaması oldu. O bildirdi ki, bu mövsümi xarakter daşıyır və bu, Qazaxıstan üçün də keçərlidir. Ona görə də “OPEC +” Rusiyaya 130 min barel, Qazaxıstana isə 20 min barel hasilatı artırmağa icazə verdi.

Rusiya və Qazaxıstan kənd təsərrüfatı ölkələridir. Qazaxıstanda səpinlə əlaqəli olaraq daxildə neft məhsullarına çox böyük təlabat olur, xüsusilə də neft-qaz zavodlarına tələbat artır. Yəni, bu hasilat yalnız onların öz ölkələrinin daxili təlabatı üçün nəzərdə tululur və hasil olunan əlavə məhsul dünya bazarına ixrac olunmur. Buna görə də Rusiya və Qazaxıstanla bağlı qərarın bazara birbaşa təsiri olmayacaq”.

Mövsümi xarakter daşıyan proseslər də bazara təsir edir

Neft bazarında baş verə biləcək proseslərin təkcə iqtisadi amillərlə deyil, o cümlədən də siyasi amillərlə bağlı olduğunu deyən İlham Şaban mövsümi faktorların da qiymətlərə birbaşa təsir etdiyini əlavə edib:

“Adətən qışda və ya yayda anormal istilər olan zaman neftə təlabat artır. Hazırda isə yaz ilə payız keçid dövrünü yaşayırıq və neftə tələbat kifayət qədərdir”.

Dünənki yüksəlişi nəzərə alsaq 70 dollara qədər artım gözləmək olardı

O qeyd edib ki, “OPEC +” iclasının bazara təsirini nəzərə alsaq bu gün qiymətlərin 70 ABŞ dolları həddinə qədər artdığını müşahidə edə bilərdik:

“Neft qiymətlərinin 67 dollar həddini ötməsindən sonra bazara təsir edə biləcək amillərlə onun qiymətinin 70 dollara qədər artmasını təmin etmək olar. Bu amillər neftin öz mövqeyini qoruyub saxlamasına və daha sonra isə onu artırmasına təkan verə bilər. Düşünürəm ki, biz aprelə qədər bu prosesi görə bilməyəcəyik.

Neft bazarı üçün stimul rolunu oynaya biləcək element ölkələrin COVID-19-la bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərara getməsi ola bilər. Bu da o deməkdir ki, artıq iqtisadi aktivlik tam bərpa edilir və bütün istiqamətlərdə fəaliyyətlər artır. Bu tələbatın və qiymətlərin artması üçün mühüm element ola bilər. Hələ ki, bu proses gözlənilmir. Lakin, 15 gün sonra biz proseslərin hansı istiqamətdə irəliləyəcəyini müəyyən edə bilərik”.

Mənbə: milletinsesi.info