Çin cari ildə ÜDM artımını 6 faizdən yuxarı hədəfləyib

Çin cari ildə ÜDM artımını 6 faizdən yuxarı hədəfləyib

Dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin cari ildə ümumi daxili məhsulun (ÜDM) artımını 6 faizdən yuxarı hədəfləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 5-də Pekində işə başlayan Çinin ali qanunverici orqanında müzakirəyə çıxarılan hökumətin hesabatında əks olunub. Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasının açılışında hesabatı təqdim edərkən bildirib ki, ötən il COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərini minimuma endirməyə nail olan hökumət bu il islahatlar, innovasiya və yüksəkkeyfiyyətli inkişaf metodu ilə ÜDM-in 6 faizlik artımına nail olmağı düşünür.

"Çin 2021-ci ildə bir çox inkişaf riskləri və çağırışları ilə üz-üzə qalmaqda davam edəcək, amma uzunmüddətli inkişafı təmin edən iqtisadi əsaslar dəyişməz olaraq qalacaq", - deyə Baş nazir bildirib.

Çin hökuməti bu il 11 milyon yeni iş yerinin yaradılmasını və işsizlik səviyyəsini 5,5 faizdən aşağı salmağı da proqnozlaşdırıb.

Qeyd edək ki, pandemiyanın təsirləri səbəbindən Çin iqtisadiyyatı ötən ilin birinci rübündə 6,8 faiz geriləsə də, virus yayılmasının nəzarət altına alınması sayəsində 2-ci rübdən başlayaraq iqtisadiyyat bərpa olunmağa başlayıb və illik ÜDM artımı 2,3 faiz təşkil edib. Çin keçən il iri iqtisadiyyata sahib olan dövlətlər arasında ÜDM artımın qeydə alındığı yeganə ölkə olub.

Mənbə: azertag.az