Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır

Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır

Bakı. Ləman Zeynalova - Trend:

SOCAR-KBR Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsində detallı mühəndislik fazasını demək olar ki, tamamlayıb.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov xatırladıb ki, Azəri-Mərkəzi-Şərqi layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni platformanın quraşdırılması, burada çıxarılacaq məhsulun ötürülməsi üçün sualtı boru kəmərləri inşa edilməsi, eləcə də Azəri-Mərkəzi-Şərqi və Şərqi Azəri platformaları arasında suvurma boru xəttinin çəkilməsi işlərinin icrası, əsasən də mühəndislik layihələndirmə işləri ilə əlaqədar “SOCAR-KBR” MMC birgə müəssisə ilə müqavilə imzalanmışdı.

 

“Bu müqavilə üzrə işlərə 2017-ci ildən başlanıb. İşlər “SOCAR-KBR” şirkətinin Böyük Britaniyadakı Leatherhead və Bakıdakı mühəndislik ofisləri vasitəsilə yerinə yetirilir. Hazırda layihədə detallı mühəndislik fazası demək olar ki, tamamlanıb. Bundan sonra şirkət həmin layihədə materialların və iri avadanlıqların istehsalının izlənilməsi, cizgilərin və sənədlərin buna uyğun yenilənməsi, texniki sorğuların cavablandırılması kimi işlərlə məşğul olacaq və 2023-cü ilə qədər lazımi mühəndislik dəstəyini göstərməyə davam edəcək.

Digər layihələrə gəlincə, “SOCAR-KBR” şirkəti bu il “Umid-2” layihəsi çərçivəsində Detallı Iayihələndirmə fazasını bitirməyi hədəfləyir. “Qarabağ” yatağında quraşdırılması planlaşdırılan platforlamanın üst modulunun Konsept Layihələndirmə, Pre-FEED və FEED (İlkin Detallı Layihələndirmə) fazalarını həyata keçirməyi planlaşdırır. Eyni zamanda hazırda Konsept mərhələsi davam edən “Abşeron-Faza 1” layihəsinin növbəti pre-FEED və FEED fazalarının da bu il layihələndirlməsi nəzərdə tutulur. Şirkət bu il çıxması planlaşdırılan bəzi tendərlərdə də iştirak edə bilər.”

Mənbə: az.trend.az