Bahalaşma davam edəcək: “Bazar iqtisadiyyatı deyil, məmur iqtisadiyyatıdır”

Bahalaşma davam edəcək: “Bazar iqtisadiyyatı deyil, məmur iqtisadiyyatıdır”

“Mən çox istəyərdim ki, Azərbaycan əhalisinin bütün təbəqələri bayram süfrəsi aça bilsin”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib. Onun sözlərinə görə, bütün dünyada bayramlar zamanı qiymətlər düşür, lakin bizdə isə əksinədir.

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirib ki, topdansatış bazarında qiymət diqtəsini uzun illərdir görürük və bunun nəticəsində həmişə tələbat artan vaxt, yəni bayramlar öncəsi Azərbaycanda qiymətlər sürətlə artır.

 

Natiq Cəfərli

“Azərbaycanda qiymət artımının təssüf ki, öz alqoritmi var. Builki qiymət artımının isə obyektiv və subyektiv səbəbləri var.

Azərbaycanda uzun illərdir ki, noyabr ayının sonundan başlayaraq, aprel ayına qədər qiymət artımını görürük. Bu, yeni il bayramı, novruz bayramı qabağı sürətlənir. Bunun səbəbi isə odur ki, məhsulların saxlanılması üçün infrastruktur o qədər də ürəkaçan deyil. Noyabrdan başlayaraq xaricdən gətirilən ərzaq məhsullarının həcmi artır. Hacmi artdıqca logistik və digər xərcləri nəzərə alsaq, qiymətlərin yüksəlməsinin şahidi oluruq.

Daha bir səbəb isə Azərbaycanda topdansatış bazarında çox az sayda oyunçuların olmasıdır. Yəni ölkəyə mal gətirən, hətta ölkə daxilində mal istehsal edən şirkətlər barmaqla sayılacaq qədərdir. Bunların da qeyri-rəsmi bir inhisarçılıq mövqeyində durduğu görülür. Amma bu il Azərbaycanda qiymət artımına iki məsələ daha ciddi təsir etməyə başladı.

Birincisi, obyektiv səbəbdir. Dünyada ərzaq indeksi son bir ildə 10 faizdən çox artıb. Bu, hazırda yaşanan qlobal böhranla bağlı ölkələrin öz daxili bazarını qorumaq üçün ixracata tədbiq etdikləri əlavə rüsumlardır. Məsələn, Rusiya fevral ayının 1-dən taxıl məhsullarının ixracatına hər ton üçün 25 avro olan rüsumu 50 avroya qaldırdı. Bu da ətraf ölkələrdə, həmçinin Azərbaycanda taxıl məhsullarının bahalaşmasına səbəb oldu”.

İqtisadçının sözlərinə görə, təəssüf ki, proqnozlar onu deməyə əsas verir ki, qiymət artımı mart ayı ilə yekunlaşmayacaq.

“İkinci səbəb isə daxili səbəbdir. Yanvar ayının əvvəlində Azərbaycanda dizel yanacağının qiymətinin birdən-birə 34 faiz artması təbii ki, logistikada maya dəyərini yüksəltdi. Bu, qiymət artımı malların və xidmətlərin qiymətinin üzərinə gəlməyə başladı. Çox təəssüf ki, biz hələ bunun başlanğıc nöqtəsindəyik. Çünki yaz mövsümündə əkin-biçin, kənd təsərrüfatında aqrar dövr başlayarkən hələ istifadə olunacaq dizelin maya dəyərinə təsiri daha da artacaq. Ən yumşaq hesablamalarla kənd təsərrüfatı və ərzaq məhsullarında maya dəyərinin üçdə birini yanacaq xərcləri təşkil edir. Aprel ayından sonra yeni məhsulların bazara çıxması başlayarkən dizel yanacağının qiymətinin artması yerli məhsulların maya dəyərində yüksəlişə səbəb olacaq ki, bu da qiymət artımına təkan verəcək. Bunun qarşısını almağın inzibati yolu yoxdur.

Azərbaycanda bəzən məmurlar, deputatlar süni qiymət artımından danışırlar. İnsanlar bunu anlamaqda çətinlik çəkir. Çünki Azərbaycanda bazar iqtisadiyyadırsa, süni qiymət artımı ola bilməz. Yox əgər süni qiymət artımı varsa, onda bazar iqtisadiyyatı deyil, məmur iqtisadiyyatıdır. Ona görə də, Azərbaycanda bunun qarşısını inzibati yollarla yox, iqtisadi yollarla almaq mümkündür. Bu yollar bazar oyunçularının sayının artmasına yardım edəcək addımlardır, rəqabətli mühitin güclənməsidir, inhisarçılığın qarşısının alınmasıdır, gömrük orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasıdır.

Azərbaycanda çox qəribə yanaşma var. Ökə daxilində istehsal olunmayan ərzaq məhsullarına belə gömrük rüsumları çox yüksəkdir. Bunun məntiqini anlamaqda insan çətinlik çəkir. Gömrük orqanlarının fəlsəfi hədəfi daxili bazarın qorunması olmalıdır”,- deyə bildirib.

Mənbə: www.bizimyol.info