Lombardlar vətəndaşları aldatmaqla məşğuldur: Yeni qanun layihəsində nələr əksini tapıb?

Lombardlar vətəndaşları aldatmaqla məşğuldur: Yeni qanun layihəsində nələr əksini tapıb?

Lombardlarla bağlı yeni qanun layihəsi hazırlanıb.

Bu layihə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə (MM) daxil olub və 14 iyun tarixində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində göstərilir ki, lombardlara müddətsiz lisenziya və icazə veriləcək. Həmçinin, yeni qanun layihəsi ilə lombardların nizamnamə kapitalı milli valyuta ilə formalaşdırılacaq. Eyni zamanda, Azərbaycanda lombard fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tutulacaq.

Görəsən, Azərbaycanda kifayət qədər bank, kredit təşkilatları mövcüd olduğu halda lombardlara ehtiyac varmı? Niyə lombardlara üstünlük verilir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda lombardlarda ciddi qanunsuzluğa yol verilir:

“Bu günədək lombardlarla bağlı qanun mövcud olmayıb və bu sistemdə çox ciddi biyabrçılıqlar var. Həm qiymət qoymada, həm də insanları aldatmada sərhəd mövcud deyil. Biz lombardlarla bağlı yeni qanun layihəsini Milli Məclisin gündəliyinə salmaq istəyirik ki, lombardlar qanun daxilində fəaliyyət göstərsinlər.

Burada əsas məsələ lombardlarda lisenziyanın verilməsi məsələsidir. Belə ki, son vaxtlar lombardlara lisenziya müddətsiz verilir. Məhz lombardlara lisenziyanın müddətsiz verilməsi daha mütərəqqidir, nəinki müddətlə verilməsi.

Lombardlardakı əsas qanunsuzluq qiymət qoymadadır, insanların əmlakları, əşyaları dəyərindən çox aşağı götürülür. Bütün bunlara təzə qanunda diqqət yetiriləcək.

Azərbaycanda kifayət qədər banklar var və banklar kredit müqavilələri imzalayırlar, lombardlar yalnız müəyyən qədər az vəsaiti olan insanları üçün böyük əhəmiyyətə malikdir, həmçinin dünyanın hər yerində lombard fəaliyyət göstərir.

Fikrimcə, kredit müqaviləsinin bağlanmasına, bank kimi fəalliyyət göstərməsinə ehtiyac yoxdur. Buna görə də lombara həmişə ehtiyac duyulacaq, lakin biz bunun hazırkı vəziyyəti ilə razılaşmırıq, lombardlar qanun çərçivəsində fəaliyyət göstərməlidir.

Lombardlarla bağlı qanun layihəsinin ikinci oxunuşunda biz çox ciddi dəyişikliklər etməyi düşünürük. Birinci oxunuşda biz bu layihəylə əlaqədar olaraq öz irad və təkliflərimizi bildirmişik, yəqin ki, onun üzərində iş gedəcək və sonra qəbul olunacaq. Layihəni birinci oxunuşda qəbul edib plenar iclasa vermişik, bu sessiyada qanunun tətbiqini çox güman ki, çatdıra bilmərik, lakin qanunda ciddi dəyişikliklər olacaq”.

Səyad Həsənli
Cebhe.info

 

Mənbə: cebhe.info