Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi çərçivəsində daha 8 qurğu tikiləcək

Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi çərçivəsində daha 8 qurğu tikiləcək

SOCAR 2021-ci ilədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan yenidənqurma və modernizasiya işləri çərçivəsində daha 8 qurğunun tikintisi nəzərdə tutub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yenidənqurma işləri zavodun illik emal gücünü 7,5 mln. tona çatdıracaq. Hazırda zavodun illik emal gücü 6 mln. tondan bir qədər çoxdur.

Məlumata əsasən, zavod 651 hektar sahəyə malikdir. Hazırda BNEZ-də Azərbaycan neftinin 24 çeşidindən 21 emal edilir, 25 müxtəlif növ emal məhsulu istehsal edilir. Zavod tərəfindən istehsal edilən məhsulların 18% ixrac edilir.

Qeyd edək ki, Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin icrası üç mərhələdə (bitum, dizel və benzin) həyata keçirilir. Ötən ilin dekabr ayında yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlanıb. Layihənin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub.

Mənbə: apa.az