Ötən il Azərbaycanın 33 şəhər və rayonu üzrə xərclər daxili gəlirlər hesabına təmin edilib

Ötən il Azərbaycanın 33 şəhər və rayonu üzrə xərclər daxili gəlirlər hesabına təmin edilib

2018-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozlaşdırıldığı kimi, Bakı şəhəri istisna olmaqla ölkənin 33 şəhər və rayonu üzrə xərclər, dövlət büdcəsindən vəsait almadan öz gəlirləri hesabına təmin edilib.

Azərbaycan Hesablama Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu barədə Palatanın rəyində göstərilib.

Qeyd olunub ki, qalan 32 regionun gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 70 575 min manat məbləğində proqnoza qarşı 56 002 min manat və ya 79,4% səviyyəsində yerinə yetirilib.

Füzuli, Zərdab və Zaqatala rayonları istisna olmaqla digər rayonlar üzrə gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitlər proqnozlaşdırıldığından daha az həcmdə ayrılıb.

2018-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından borc qalıqları 19,8 dəfə artıb. Palata 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində Əmlak Məsələləri Dövlət Komitəsindən təqdim olunan məlumatlara əsasən, özəlləşdirilmədən daxilolmalar üzrə hesabat dövrlərinin sonuna hesablanıb, lakin dövlət büdcəsinə ödənilməyən vəsaitlər üzrə qalıqların (o cümlədən ödəmə vaxtı çatmış borcların) 2016-2017-ci illərdə kəskin artdığı halda, 2018-ci ildə həmin qalıqların ümumi məbləğinin 16 531,9 min manatdan 13 898,5 min manatadək azaldığı qeyd edilib.

Eyni zamanda, rəydə həmin qalıqlardan 2018-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından borc qalıqlarının 291 min manatdan 6 055 min manatadək, yəni 5 764 min manat məbləğində artdığı bildirilib.

Mənbə: apa.az