Muxtar respublikada püstə bağlarının ümumi sahəsi 104 hektaradək artırılıb

Muxtar respublikada püstə bağlarının ümumi sahəsi 104 hektaradək artırılıb

Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonunda 2 hektarlıq ərazidə yeni püstə bağı salınıb. Naxçıvan-Çalxanqala yolunun ətraflarında 800 püstə tingi əkilib. Bununla da Naxçıvanda püstə bağlarının ümumi sahəsi 104 hektara çatdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni püstə fidanlarının əkilməsi aqrotexniki tələblərə uyğun həyata keçirilib. Gələcəkdə bu bağın damcı üsulu ilə suvarılması üçün müvafiq işlər də görülüb.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 20 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Qarşıya qoyulan vəzifələrin icrası çərçivəsində yeni püstə bağlarının salınması ekoloji tarazılığın qorunması ilə yanaşı, böyük iqtisadi səmərə də kəsb edir. Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi, yeni bağların salınması nəzərdə tutulur.

Mənbə: www.xeberoxu.az