Bakı İcra Hakimiyyəti - Bankın Pulunu Vermir

Bakı İcra Hakimiyyəti - Bankın Pulunu Vermir

Azərbaycanda fəaliyyət göstərən İran bankı - Bank Melli İranın Bakı filialı artıq 7 ilə yaxındır ki, Bakı icra hakimiyyəti tərəfindən sölkülən binasına görə kompensasiyanı ala bilmir.

FED.az xəbər verir ki, bank bu binaya 9 milyon qiymət qoyub və icra hakimiyyətindən də bu məbləği tələb edir və hesabatlarında da bu məbləğdə zərər göstərir. İcra hakimiyyəti isə binanın qiymətinin xeyli aşağı olduğunu düşünür – ona görə də tərəflər məbləğdə razılaşa bilmirlər.

Bu məsələ İran Milli Bankının 2020-ci il üzrə hesabatında əksini tapıb. Hesabatın həmin hissəsində deyilir:

Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, Banka məxsus 9 295 963 AZN xalis dəyərində bina sökülmüşdür. Bu fakt qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olmuşdur. Tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər. Buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcəkdir.

Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir.

Bina 3 iyul, 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilmişdir. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olmuşdur. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9,4 milyon AZN təşkil etmişdir».

Maraqlıdır ki, bu bina İran bankının özünə başqa bankdan miras qalıb. Belə ki, bina ilkin olaraq Bankdan alınmış depozitlər üçün Royal Bank tərəfindən girov qoyulmuşdur. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə Bank tərəfindən əldə edilmiş, binalar və avadanlıqlar kimi tanınmış və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilmişdir.

Hazırda məhkəmə prosesi davam edir.

Mənbə: fed.az