AYİB-in Cənubi Qafqaz regionu üzrə aktiv portfeli 3 mlrd. avroya yaxınlaşır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən il Cənubi Qafqaz regionuna 30 layihə üzrə 793 mln. avro dəyərində investisiya yatırıb ki, bu da 2019-cu illə müqayisədə 84% çoxdur.

"APA-Economics"ə AYİB-dən verilən məlumata görə, ötən il bankın sözügedən regiona yatırdığı investisiyaların 77,9%-i (16 layihə üzrə 618 mln. avro) Gürcüstanın, 19,9%-i (8 layihə üzrə 158 mln. avro) Ermənistanın, 2,2%-i isə (6 layihə üzrə 17 mln. avro) Azərbaycanın payına düşüb.

Beləliklə, AYİB-in hazırda Cənubi Qafqaz regionu üzrə aktiv portfelinin həcmi 187 layihə üzrə 2,95 mlrd. avro təşkil edir ki, bunun da 47,5%-i (1,4 mlrd. avro, 94 layihə) Gürcüstanın, 39,2%-i (1,153 mlrd. avro, 34 layihə) Azərbaycanın, 13,3%-i (392 mln. avro, 59 layihə) isə Ermənistanın payına düşür.

Qeyd edək ki, AYİB bu günədək Cənubi Qafqaz regionuna 623 layihə üzrə 8,67 mlrd. avro həcmində investisiya yatırıb. İndiyədək ən çox Gürcüstana investisiya yatıran bank, ölkə ilə əməkdaşlığın əvvəlindən 262 layihə üzrə 4,09 mlrd. avro yatırıb. Azərbaycana AYİB bu günədək 174 layihə üzrə 3,08 mlrd. avro həcmində investisiya yatırıb, Ermənistana isə 187 layihə üzrə 1,49 mlrd. avro yönəldilib.

Sözügedən ümumi həcmin (8,67 mlrd. avro) artıq 64,2%-i (5,56 mlrd. avro) respublikalar tərəfindən mənimsənib. Azərbaycanda bu göstərici 84,1%-ə (2,59 mlrd. avro), Gürcüstanda 49,5%-ə (2,03 mlrd. avro), Ermənistanda isə 63,3%-ə (943 mln. avro) bərabərdir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Zəfərin yaxın etdiyi uzaqdan - FOTOREPORTAJ

SONRAKI XƏBƏR

ABŞ senatorları prezidentə İranla bağlı müraciət etdi