“Proteksionist siyasət qapalı iqtisadiyyatdırmı?” – İqtısadçı Elman Sadıqovla blits MÜSAHİBƏ

“Proteksionist siyasət qapalı iqtisadiyyatdırmı?” – İqtısadçı Elman Sadıqovla blits MÜSAHİBƏ

Elman Sadıqov, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Elman Sadıqovla Banker.az saytı üçün özəl blits müsahibə verib.

— Elman müəllim, əvvəla müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Müsahibəmiz blits müsahibə formatlı olduğu üçün hər suala maksimum 2-3 cümlə ilə cavab istəyəcəyik.

— Mən də Sizə təşəkkür edirəm. Blits müsahibə çətin formatdır. Çünki, 2-3 cümlədə sualı lakonik əhatə etmək tələb olunur. Çalışacam ki, öhdəsindən gəlim.

— İlk olaraq, iqtisadiyyat Sizin üçün nədir?

— Formal tərif və yanaşmaları kənara qoysaq, iqtisadiyyat hər bir ailənin, şəxsin rifahını, sağlığını, dövlətin beyin və əzələ gücünün səviyyəsini ölçməyə imkan verən, bir deyil, bir neçə elm sahəsinin simbiozu olan bir dəryadır.

— Bazar nədir?

— (Xüsusilə inkişaf etməkdə olan ölkələrdə) tam olaraq dərk edilməyən, əsrlərdən bəri formalaşmaqda olan, səhvləri, müdaxilələri bağışlamayan qəddar və amansız, düzgün yanaşma olduqda isə öz-özünü tənzimləyib inkişaf etdirən mürəkkəb bir mexanizmdir.

— Monetar, fiskal və ya proteksionist siyasət?

— Bir birini tamamlamalı və dəstəkləməli olan üç ayrılmaz siyasətdir. Amma, bəzi zamanlarda biri və ya ikisi daha çox önə çıxaraq lokomotiv rolunu oynayır. Monetar və proteksionist siyasətin daha öndə olduğu 2021-ci ildə hər 2 siyasət düzgün aparılsa növbəti mərhələdə fiskal siyasətin səmərəsinin artmasına, yanlış aparılarsa fiskal siyasətin iflasına səbəb ola bilər.

— Neoliberal, liberal və tənzimlənən iqtisadiyyatlar..

— Dünyanın hansısa ölkəsinin neoliberal iqtisadiyyata malik olduğunu söyləyən kimsə ya neoliberal iqtisadiyyatın nə olduğunu anlamır, ya da dünya iqtisadiyyatından xəbəri yoxdur. Neoliberal iqtisadiyyat nəzəriyyə olaraq qaldı. Ən böyük səhvlərdən biri odur ki, biz dövlətin iqtisadiyyatdakı dəstəkləyici və təşviqeidici mexanizmlərlə tənzimləmə rolu ilə dövlətin iqtisadiyyatda birbaşa iştirakı və ya müdaxiləsi rollarını qarışıq salırıq. Dövlət daxili iqtisadi siyasətdə liberal, xarici iqtisadi siyasətdə isə proteksionist və tənzimləyicidir.

— Proteksionist siyasət..

— İnkişaf etməkdə olan ölkələrdə proteksionist siyasət tam mənası və dərinliyi ilə tətbiq olunsa onlar da Almaniya, Yaponiya, Cənubi Koreya kimi inkişaf edən ölkələr olardılar. Proteksionist siyasət həm də təhlükəli siyasətdir. Təhlükəliliyi incə siyasət olmasındadır. Deformasiyaya uğramış proteksionist siyasət ölkə iqtisadiyyatını boğar, real sektoru məhv edər.

— Proteksionist siyasət qapalı iqtisadiyyatdırmı?

— Çox təəssüf ki, proteksionist siyasətin əhəmiyyətini və mahiyyətini tam dərk etmədiyimiz üçün qapalı iqtisadiyyatla səhv salırıq. İnkişaflarının ilkin mərhələlərində ən güclü proteksionist siyasət yürüdən ölkələr Britaniya, Almaniya, Yaponiya, Cənubi Koreya olmuşlar. Onlardan hansı indi qapalı iqtisadiyyata sahibdir? Heç biri. Qapalı iqtisadiyyat durğun, bağlı göl kimidir. Həmin gölün balığını, məhsulunu yeyənlər nə olduğunu yaxşı bilirlər.

— Sərbəst iqtisadi bölgələr, ofşor adalar…

— Neoliberal iqtisadiyyatın deformasiya olunmuş forması bir neçə ofşor adalardır ki, növbəti 10 il ərzində bu istiqamətdə indi fantastika hesab edilə biləcək addımlar atılacaq. Fikir vermisinizsə, hazırda sərbəst iqtisadi bölgələr gündəmdə deyil. 2001-ci il hadisələrindən sonra bank sektorunda başlayan hadisələr birinci mərhələ, 2021-ci ildən sonra başlayacaq ikinci mərhələ isə qeyd etdiyim məsələdir.

— Bank sektoru..

— Hazırda özünün ən həssas mərhələsini yaşayan, gözləmə mövqeyində olan, 2021-2022-ci illlərdə iqtisadiyyatın dirçəlməsinə ciddi bir şəkildə birbaşa təsir edəcək (aparılacaq siyasətdən asılı olaraq bu təsir müsbət də ola bilər, mənfi də), hələlik haqqında fikir yürütmək istəmədiyim sektordur.

— Rəqabət nədir?

— Mercedesi Mercedes edən Mercedes deyil, BMW, Audi şirkətləridir. BMW-ni də BMW edən BMW deyil, Mercedesdir, Audidir. Dünya səviyyəsində markalar buraxan heç bir dövlətdə bir deyil, bir neçə marka vardır. Hansısa ölkəcə rəqabətsiz nə bir marka, nə də ümumiyyətlə inkişaf yoxdur.

— İri holdinqlər iqtisadi inkişafın lokomotivi ola bilərlərmi?

— Mən ölkəmizdə iri holdinqlərdən daha çox bir və ya iki böyük yerli korporasiya görməyi arzu edirəm. Korporasiya tamamilə başqa bir məfhumdur.

— Brend, marka yaratmaq nəzərindən qeyd etdim…

— Dünyanın ən məşhur 50 markasının tarixini göstərir ki, onların hamısı ya kiçik ailə biznesi, ya da bir fərdin ideyasının böyüyərək inkişaf etməsi nəticəsində yaranmışdır. Yəni, brend və marka iri korporasiyaları meydana çıxarır, iri korporasiyalar brend və markanı yaratmır. Bu mexanizmi dərk etməklə brend və marka yaratmaq yollarını daha asan müəyyən etmək olar.

— İqtisadiyyat və siyasət arasındakı fərqlər…

Siyasət iqtisadiyyatla müqayisə olunacaq səviyyədə deyil. Çünki, qlobal aləmdə istənilən siyasət iqtisadiyyata xidmət edir. Onun xidmətçisidir. İstənilən siyasətin kökündə iqtisadi maraq və planlar durur. İqtisadiyyat daha mürəkkəbdir, anlaşılması daha çətindir.

— Bazar iqtisadiyyatında bütün bəlaların kökü nədir?

Gözəl sualdır. Bütün bəlaların kökü işsizlik problemidir. İnsan bədənində stres və əsəb bütün orqanlara təsir etdiyi kimi, iqtisadiyyatda da işsizlik bütün sahələrə dağıdıcı təsir göstərir.

— İqtisadiyyatda hazırda ən böyük problemlər hansılardır?

— Analitik cavab verəcəm. İqtisadi məsələlərdə mətbuatı tərsinə oxumağı bacarmaq lazımdır. Bunun analitik görmə yolları mövcuddur. Məsələn, iqtisadiyyatda nəyin yaxşı olduğu müdafiə olunursa əmin olun ki, o sahədə problem vardır. Məsələn, heç bir normal bank müştərisinə likvidliyinin yaxşı olduğunu deməyə ehtiyac duymaz. Likvidliyinin, pulunun, vəsaitinin olduğunu deməyə ehtiyac hiss etdiyi anda əmin olun ki, çətinlikləri vardır. Bunu sübut etməyə çalışırsa, əmin olun ki, problemlər mövcuddur. Şirkətlərin reklamlarına da analitik baxış sizə imkan verər ki, hansının həqiqətən keyfiyyətini diqqətə çatdırması, hansının isə öz malını satmağa çalışması prioritetidir.

Elman Sadıqov

— Analitik yazıların deyil, daha çox 4-5 cümləlik xəbərlərin oxunmasının inkişafa mənfi təsirləri haqqında bir neçə il öncə yazınız var idi. Yenə eyni fikirdəsiniz? Yəni, ciddi mövzularda yazılan yazını daha az adam bəyənir, nəinki Siz demişkən, yeyilən yeməyin şəklini…

— Daha çox oxucu və tərəfdar istəyənlər siyasətçilər, idmançılar, incəsənət nümayəndələri, şair və yazıçılardır. İqtisadçı isə güclü iqtisadiyyat üçün doğru olanı düşünür, fikirlərini bildirir. Hamının onu anlaması da doğru deyil, əksinə təhlükəlidir. Deməli, o da hamı kimi düşünür. İki məsələni qarışdırmayaq. Bir var maarifləndirici yazı, müsahibə və ya hansısa iqtisadi/siyasi hadisəni şərh etmək. Bu halda maksimum sadə danışmağa çalışıram ki, anlaşıqlı olsun. Bir də var, iqtisadiyyatdakı problemlər, həll yolları, konsepsiyalar. Burada dil və üslub, terminologiya fərqlidir.

— İnkişaf etmiş və etməkdə olan ölkələrdə ən fərqli yanaşma tərzlərindən bir və ya bir neçəsini qeyd edə bilərsiniz?

— İnkişaf etmiş ölkələrdə ən qiymətli fabrik beyin, ən qiymətli məhsul fikir, ideya, dərin düşüncədir. Fikir, ideya və düşüncənin ən bahalı olduğu ölkələr ən inkişaf etmiş ölkələrdir. İnkişaf etməkdə olan ölkələrdə bu sahədə ciddi problemlər yaşanmaqdadır. O səbəbdən beyin köçü deyilən problemlə üzləşirlər. İkinci əsas fərq isə, inkişaf etmiş ölkələrdə kadrların seçimində əsas faktorlar təcrübə, bacarıq, bilik, inkişaf etməkdə olan ölkələrdə isə müxtəlif subyektiv amillərlə yanaşı həm də formal kağız parçasıdır. İnkişaf etmiş ölkələrdə korporasiyalarda nəinki sertifikat, heç diplomu soruşmurlar. Əsas prioritet məsələ budur ki, sən kadr kimi işləyəcəyin müəssisəyə nə verəcəksən və indiyə kimi konkret hansı uğurlu layihələrin müəllifisən.

— Nəhayət sonuncu sual. Gündəmin tez-tez dəyişməsi nəyin göstəricisidir?

— Cəmiyyətdə hədəfin, maliyyə savadlılığının formalaşmamasının nəticəsidir. Məsələn, pensiya sistemi ilə bağlı verdiyiniz bir təklif müzakirə mövzusu olmur, amma bir sənətkarın yoldaşının jurnalistə əsəbi halda dediyi bir cümlə və ya kiminsə kiminləsə evlənməsi günlərlə müzakirə olunan mövzuya çevrilir ki, bunun də bədəlini yenə cəmiyyət özü ödəyir. Öz rifah dərəcəsi ilə..

— Elman müəllim, oxucularımız üçün maraqlı olacaq bu müsahibəyə görə təşəkkür edirik.

— Mən də Sizə təşəkkür edirəm. Sağ olun. Ümid edirəm ki, cavablar fikirlərimi əhatə etdi. Hər bir halda bir-iki cümlədə həm də bir deyil, bir neçə fikri əhatə etməyə çalışdım. Nə qədər uğurlu alınmasını oxucular qiymətləndirə bilər.

 

Mənbə: banker.az