"ƏDV geri al" çərçivəsində 60 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb

"ƏDV geri al" çərçivəsində 60 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb

Ötən ilin may ayından etibarən bu günədək alınan mallara görə ödənilən ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (edvgerial.az) 1,340 milyondan çox istifadəçi qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 111 792 çek üzrə 60 192 462 manat ƏDV məbləği geri qaytarılıb.

2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779 018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 026 757 nəfərə çatıb ki, bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67 101 388 kassa çeki üzrə 26 770 074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

Mənbə: apa.az