“Skytrax”: Hava limanlarında COVID-19 testlərinin qiymət fərqi 400 dollara çatır

Dünyanın hava limanlarında COVID-19-u aşkarlamaq üçün istifadə olunan PZR (polimeraz zəncir reaksiyası) testlərinin ən aşağı və ən yüksək qiymətləri arasındakı fərq 400 dollara çatır.

“Report” avianews.com saytına istinadən xəbər verir ki, bu barədə ən yaxşı aviaşirkətlərin və hava limanların reytinqlərini hazırlamaqla tanınan “Skytrax” agentliyinin apardığı araşdırmada deyilir.

Agentlik dünya üzrə 77 hava limanından alınmış məlumatları analiz edib. Araşdırmalar göstərib ki, ən bahalı PZR testi Yaponiyanın “Kansay” hava limanında təklif olunur – 404 dollar. Ən ucuz test isə Hindistanın “Mumbay” hava limanında həyata keçirilir. Burada yerli reyslərin sərnişinlərinə təklif olunan PZR testinin qiyməti 8 dollardır.

MDB ölkələrində ən aşağı tariflər Minskdə (15 dollar) və Qazaxıstanın paytaxtı Nur-Sultanda (20 dollar) müəyyən edilib.

Kiyevin “Borispol” və “Kiyev” hava limanlarının laboratoriyaları isə testi 40 dollara təklif edir.

Avropa İttifaqı ölkələrində ən ucuz PZR testi Riqadadır. Burada koronavirus testinin qiyməti 44 dollardır. Ən yüksək test qiyməti isə Helsinkidədir – 317 dollar.

Şimali Amerikanın az sayda hava limanında koronavirus testi keçirilir. Ən ucuz PZR testi Fort-Loderdeyl/Hollivud hava limanında (106 dollar), ən bahalısı isə San-Fransiskoda (261 dollar) təklif olunur.

“Skytrax”ın analizi göstərib ki, inkişaf etmiş ölkələrdə PZR testinin qiymətləri daha yüksəkdir. Burada infrastruktur xərcləri, işçi qüvvəsinin əmək haqları və laboratoriya xərcləri qiymətlərə əhəmiyyətli təsir göstərir. İnkişaf etməkdə olan bölgələrdə isə qiymətlər aşağıdır.

Bəzi ölkələrdə testlərə görə vergi tutulur ki, bu da qiymətlərdə əks olunur. Məsələn, Böyük Britaniyada testin qiymətinə 20% ƏDV daxildir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Rusiyanın sonunu Ukrayna gətirəcək" - Tarixçi alim

SONRAKI XƏBƏR

Karantin olarsa, bu şəxslərə güzəşt edilə bilər - AÇIQLAMA