Avtomobil bazarında bahalaşma - Hansı maşınların qiyməti artıb?

Avtomobil bazarında bahalaşma - Hansı maşınların qiyməti artıb?

Bəzi avtombillərin qiymətində 5 faizədək bahalaşma var, qiymətlər nisbidir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı maşın bazarında qiymətlər barədə danışarkən bildirib.

R.Osmanlı avtomobillərin satılmasında bəzi problemlərin olduğunu qeyd edib:

"Maşın bazarında aktivlik artıb. Qiymət artımları nisbidir, bəzi markalarda cüzi qiymət dəyişmələri var. Bu da idxalın məhdudlaşması nəticəsində dövriyyədə olan 20 min manatlıq nəqliyyat vasitlərinin maksimum 3-5 faizlik qiymət artımı ilə müşahidə olunur. Tələbat yüksəkdir, sadəcə bunun tələbə çevrilməsində problemlər var. Bu da əhalinin gəlirlərinin mövcud qiymətlərə adekvat olmamasından irəli gəlir. Bu mənada tələbatı tələbə çevirmək mümkün deyil".

Ekspert alıcıların maraq göstərdiyi markaların adını açıqlayıb. Müsahibimiz yerli avtomobillərin bazardakı roluna da diqqət çəkib:

"Uzun illərdir ki, təkrar bazarda "Mercedes", "Mercedes-Benz" avtomobilləri liderdir. Tədricən ilkin bazarda digər nəqliyyat vasitələri üstünlük təşkil etməyə başlayıb. Bura əsasən Yaponiyanın "Toyota", "Nissan" Cənubi Koreyanın "Kia" "Hyundai" modelləri daxildir.

Yerli avtomobillərin istehsal imkanları hələ ki, bazarın tələblərini tam olaraq qarşılamaq gücündə deyil. İstehsal aşağı olduğu üçün bu gün hələ ki, biz yerli avtomobillərin bazarda rəqabətə necə davam gətirdiyini, hansı markalarına üstünlük verildiyini tam təhlil edə bilmərik".

R.Osmanlı elektromobillərin və hibrid avtomobillərin ölkəyə gətirilməsində yaranan problemlər barədə də danışıb:

"Bir çox ölkələrdə elektromobillərə keçidlə əlaqədar ciddi addımlar atılır. Təəssüf olsun ki, belə avtomobillərin gətirilməsi üçün stimullaşdırıcı tədbirlər görülmür".

Mənbə: news.milli.az