Baş nazir Sumqayıt Kimya Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncam verib

Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini bir ay müddətində təmin etməlidir.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 aprel tarixli 2570 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67.35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8.05 hektar olmaqla, ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini bir ay müddətində təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Erməni hərbi ekspert: "Hərbi çağırışlı ordudan imtina edə bilmərik, maliyyə və insan resursu problemi var"

SONRAKI XƏBƏR

İndoneziyada sualtı qayıqla əlaqə kəsilib, axtarışlar aparılır