Azərbaycanda heyvandarlıq sahəsinin problemləri və həlli yollarıMÜSAHİBƏ

Azərbaycanda heyvandarlıq sahəsinin problemləri və həlli yollarıMÜSAHİBƏ

Azərbaycanda kənd təsərrüfatının əhəmiyyətli sahələrindən biri də heyvandarlıqdır. 2020-ci ildə ölkədə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2 milyon 646 min 600 baş, qoyun və keçilərin sayı isə 8 milyon 189 min 200 baş təşkil edib. Bu isə əsrin əvvəlinə olan göstəricilərlə müqayisədə müvafiq olaraq 34,93 % və 41,83 % artım deməkdir.

“Report” Azərbaycanda heyvandarlıq, konkret olaraq iribuynuzlu mal-qara, yəni inək, camış, qoyun və keçi təsərrüfatları üzrə mövcud problemləri öyrənib.

Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Report”a açıqlamasında otlaqlar, yem bazası, damazlıq təsərrüfatları və digər sahələrdə problemlərin olduğunu diqqətə çatdırıb.

Qadir Bayramlı

Potensial var, düzgün istifadə olunmur

Q.Bayramlının sözlərinə görə, Azərbaycanda heyvandarlığın inkişafı üçün potensial var: "Həm təbii şərait, həm su mənbələri, həm də yem bazası ölkəmizdə mövcuddur. Təəssüf ki, bu potensial lazım olan səviyyədə qiymətləndirilmir. Azərbaycanda birinci problem heyvandarlığın inkişafı ilə əlaqəli birinci problem intensiv deyil, ekstensiv yolla inkişaf etdirilməsidir. Yəni heyvan sayı çox, məhsuldarlıq isə aşağıdır. Əldə edilən həm ət, həm süd, həm də yunun miqdarı azdır.

Azərbaycanda heyvandarlıq potensialından istifadənin çox aşağı olmasının səbəblərindən biri təsərrüfatlarda işlərin həyata keçirilməsində elmi prinsiplərin əsas tutulmaması, pərakəndə işlər görülməsidir. Təsərrüfatlarımızın da sayı çox, effektlilik dərəcəsi aşağıdır. Buna kənd təsərrüfatında “kiçik təsərrüfat hakimiyyəti” deyirlər. Kiçik təsərrüfatlarda isə proqressiv metodları tətbiq etmək çox çətin olur".

Yem bazası ilə bağlı problem var

Digər problem, Q.Bayramlının fikrincə, yem bazası ilə bağlıdır: "Sovet dövründə Azərbaycanda müəyyən yem təsisləri var idi. Bu kimi təsislər indi əvvəlki səviyyədə fəaliyyət göstərmir. Heyvandarlıqda ciddi problemlərdən biri də örüş qıtlığıdır. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı bizim heyvandarlığa xeyli mənfi təsir etmişdi. Bu çox önəmli yem bazasının, qış və yay otlaqlarının əldən çıxmasına səbəb olmuşdu. İndi işğaldan azad edilmiş torpaqların səmərəli istifadəsi heyvandarlığın inkişafına öz töhfəsini verə bilər. Qeyd edim ki, heyvandarlar vitaminli yem tapmaqda çətinlik çəkirlər. Tapılanlar isə çox baha olur. Bu da məhsuldarlığa mənfi təsir göstərir".

Damazlıq təsərrüfatları, otlaqlar, heyvan cinsləri və xaricdən idxal

"Sovet dövründə geniş fəaliyyət göstərən damazlıq təsərrüfatları var idi. İndi damazlıq təsərrüfatları çox azdır. Xaricdən gətirilən heyvanların yerli iqlimə uyğunlaşdırılmasının özü də bir problemdir. Bəzən gətirilən heyvanlar lazımi keyfiyyət tələblərinə cavab vermir. Digər tərəfdən, onların yerli şəraitə uyğunlaşması üçün müəyyən hazırlıq tədbirləri görülməlidir. Bu tədbirlər görülmədən həmin heyvanlar ölkəmizə gətirilir və çox vaxt da istənilən nəticə əldə edilmir.

Hazırda Azərbaycanda olan heyvan cinslərində bir cırlaşma gedir. Bu sahədə elmi müəssisələr yaradılmalı və yeni heyvan cinslərinin yaradılması üçün fermerlərə kömək edilməlidir", - İqtisad Universitetinin dosenti bildirib.

O, hesab edir ki, ölkədə qış otlaqları ilə də bağlı ciddi problemlər var: "Qış otlaqlarını daha çox imkanlı şəxslər əldə edə bilirlər. İmkanı aşağı olan fermerlər çox zaman özlərinə qışlaq tapa bilmirlər".

Kreditlərin verilməsi, sığorta və alqı-satqı əməliyyatlarındakı problemlər

Onun sözlərinə görə, heyvandarlıq sahəsinə ayrılan kreditlərin məbləği az, faizləri isə yüksəkdir: "Bu sahədə əlavə təşviq vasitələri tətbiq olunmalıdır. Subsidiyalar verilsə də, onların da miqdarı azdır. Müəyyən bölgələrdə subsidiyaların şəffaflıqla verilməsində də problemlər var. Eyni zamanda müəyyən bürokratik əngəllər də mövcuddur.

Ən ciddi problemlərdən biri aqrar sığortanın tətbiq olunmamasıdır. Fermerlər min bir əziyyətlə heyvan bəsləyir, amma təbii fəlakətlər və ya heyvanlarda xəstəlik onların bütün zəhmətini heç edir. Onların bu itkilərini təzmin edən ən yaxşı vasitə aqrar sığortadır. Bu məsələni bizdə yeni qaldırmağa başlasalar da, hələ ki, effektli şəkildə tətbiq edilmir.

Heyvandarlıq məhsullarının bazara çıxarılmasında da fermerlərin problemləri var. Bazar fəaliyyəti pərakəndə şəkildə həyata keçirilir. Effektli fəaliyyət göstərən tədarük məntəqələri yoxdur. Son dövrdə pandemiyanın da vurduğu zərərləri nəzərə almalıyıq. Əlavə olaraq, həmin məhsulların alqı-satqısını aparan müəyyən vasitəçi qurumlar var ki, onlar qiymətlərin bahalaşmasına səbəb olur. Ölkədə yun satışında da ciddi problemlər var".

Problemlərin həlli yolları

Q.Bayramlı hesab edir ki, fermerlərin yerlərdəki vəziyyətini araşdırmaq lazımdır: "Fermerlər üçün çox sayda yüksək səviyyəli və davamlı keçirilən treyninqlər təşkil olunmalıdır. Tək-tək belə təşəbbüslər var. Lakin bu bütün fermerləri əhatə eləməlidir. Heyvandarlıq sahəsində maarifləndirmə zəifdir. Fermerlərin bir çoxu elektron resurslardan istifadə edə bilmir. İnkişaf eləmiş ölkələrin demək olar hamısında kənd təsərrüfatı üzrə ayrıca televiziya kanalları var. Bu kanallar həm bitkiçiliyin, həm də heyvandarlığın problemlərini, burda olan proqressiv inkişaf meyllərini əks elətdirirlər, fermerlər də bundan faydalanırlar.

Bölgələrdə yüksək bacarıqlı, baytarlar da çatışmır. Savadlı və müasir yenilikləri izləyən baytarlarımız azdır. Baytarların da savadının artırılması, müasir elmi biliklərə yiyələnməsi üçün şərait yaradılmalıdır.

Heyvandarlıq sahəsi üzrə mütəxəssislərin iştirakı ilə effektli bir proqram hazırlansa, heyvandarlara verilən kreditlərin miqdarı artırılsa və faizləri azaldılsa, subsidiyalar fermerlərə şəffaf şəkildə verilsə, bunların müsbət nəticəsi ola bilər. Azərbaycandakı şərait bizim yerli istehlakçıları heyvandarlıq məhsulları ilə təmin etmək üçün yetərlidir. Amma bu potensialdan lazımi formada istifadə olunmur. Nəticədə xaricdən heyvan idxal etməyə məcbur oluruq. Bu potensial düzgün istifadə olunarsa, biz heyvandarlıq məhsullarına olan tələbi bütünlüklə yerli istehsal hesabına qarşılaya bilərik".

Mənbə: report.az