Dünyanın ən varlı qadınları - “Forbes”in TOP-10-u

Dünyanın ən varlı qadınları - “Forbes”in TOP-10-u

Bu ayın birinci ongünlüyündə dünyanın ən varlı adamlarının siyahısını açıqlayan “Forbes” jurnalı onların arasından qadınları seçərək ayrıca dünyanın ən varlı qadınlarının siyahısını da tərtib edib.

KONKRET.az xəbər verir ki, “Forbes”in hesablamasına görə, dünyanın ən varlı qadını Fransanın “L’Oreal” ətriyyat və kosmetika şirkətinin varisi Fransuaza Bettankur-Meyersdir. 67 yaşlı Fransuazanın varidatı 73,6 milyard dollardır.

İkinci yerdə ABŞ-ın “Walmart” topdan və pərakəndə satış şəbəkəsinin 71 yaşlı varisi Elis Uolton gəlir. Onun varidatı 61,8 milyard dollardır.

Üçüncü yeri ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosun keçmiş həyat yoldaşı, 50 yaşlı Makkenzi Skott tutur. Ceff və Makkenzi 2019-cu ildə boşanıblar. Boşanma zamanı “Amazon”un gəlirlərinin 25 faizi Makkenziyə keçib. Boşanandan sonra Makkenzi Ceffin soyadından imtina edərək qızlıq soyadını (Skott) götürüb. Hazırda Makkenzi Skottun varidatı 53 milyard dollardır.

Dünyanın ən varlı qadınlarının ilk onluğunda dördüncü sırada ABŞ-ın “Koch İndustries” şirkətinin 2019-cu ildə vəfat etmiş sahibi Devid Koxun 58 yaşlı dul arvadı Yuliya Kox durur. Yuliyanın varidatı 46,4 milyard dollardır.

Beşinci yer: ABŞ-ın “Las Vegas Sands” kazino operatorunun 2021-ci ildə vəfat etmiş sahibi Şeldon Adilsonun 75 yaşlı dul arvadı Miriam Adelson. Varidatı 38,2 milyard dollardır.

Altıncı yer: ABŞ-ın konfet və qida məhsulları istehsal edən “Mars İncorporated” şirkətinin varsilərindən biri, 81 yaşlı Jaklin Mars. Varidatı: 31,3 milyard dollar.

Yeddinci yer: Çinin “Country Garden Holdings” daşınmaz əmlak operatorunun varislərindən biri, 39 yaşlı Yan Xueyn. Varidatı: 29,6 milyard dolar.

Səkkizinci yer: Almaniyanın BMW avtomobil şirkətinin varislərindən biri, babasından qalma “Altana AG” əczaçılıq şirkətinin (Almaniyanın ən böyük əczaçılıq şirkətlərindən biridir) səhmlərinin 50,1 faizinin sahibi, 58 yaşlı Suzanna Klatten. Varidatı: 27,7 milyard dollar.

Doqquzuncu yer: Atasından qalma “Hancock Prospecting Group” (Avstraliya) dağ-mədən və kənd təsərrüfatı şirkətinin rəhbəri, 67 yaşlı Cina Raynhart. Cina Avstraliyanın ən varlı adamıdır, varidatı 23,5 milyard dollardır.

Onuncu yer: 2005-ci ildə vəfat etmiş Çili milyarderi Androniko Lukşiçin 78 yaşlı dul arvadı, “Quinenco” səhmdar şirkətin səhm paketinin sahibi İris Fonbona. İrisin varidatı 23,3 milyard dollardır.

Dünyanın ən varlı qadınlarının siyahısında ümumilikdə 328 milyarderin adı var.

“Forbes” bildirir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə milyarder xanımların sayı 36 faiz artıb.

Tək xanımların yox, milyarder kişilərin də sayı artıb. 2020-ci ildə dünyanın ən varlı adamlarının (həm kişilər, həm də qadınlar) siyahısında 2095 milyarderin adı var idi. Hazırda bu rəqəm 2755-dir.

Pandemiyaya baxmayaraq son bir ildə milyarderlərin varı da artıb. 2020-ci ildə milyarderlərin ümumi sərvəti 8 trilyon dollar idi, indi 13,1 trilyon dollardır.

“Forbes”in hesablamasına görə, dünyanın ən varlı adamı ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosdur. Onun varidatı 117 milyard dollardır. Qeyd etdiyimiz kimi, Ceff Bezosun keçmiş xanımı Makkenzi Skott dünyanın ən varlı qadınları siyahısında 53 milyard dollarlıq varidatla üçüncü yeri tutur.

Dünyanın ən varlı adamlarının ilk onluğunda qadın yoxdur.

Dünyanın ən varlı qadını olan Fransuaza Bettankur-Meyers dünyanın ən varlı adamlarının siyahısında 12-ci yeri tutur./novator.az/

Mənbə: konkret.az