“Azərbaycanda belə bir qənaət var ki, bank kimi məhkəməyə verirsə..." - Kreditlərlə bağlı AÇIQLAMA

“Azərbaycanda belə bir qənaət var ki, bank kimi məhkəməyə verirsə..." - Kreditlərlə bağlı AÇIQLAMA

Azərbaycanda kredit qoyuluşunun sahələr üzrə strukturunun təhlili göstərir ki, banklar daha çox krediti ev təsərrüfatlarına verməkdə maraqlıdır. Əgər belə olmasaydı, kreditlər üzrə borcun 46,6 faizi ev təsərrüfatlarına aid olmazdı.

Olaylar.az bildirir ki, ölkəmizdə kredit qoyuluşu yenidən artmağa başlayıb və bu artımda ev təsərrüfatlarının payı yüksəkdir. 2021-ci ilin aprelin 1-nə aid olan məlumata əsasən, kredit qoyuluşunun məbləği 14,728 milyard manat olub və bunun 6,869 milyard manatı ev təsərrüfatlarına verilib.

Statistika göstərir ki, kredit qoyuluşu artdıqda banklar ev təsərrüfatlarına daha çox üstünlük verməyə çalışır. Bunun nəticəsidir ki, bir il əvvəl kreditlərin 45,2 faizi ev təsərrüfatlarına ayrıldığı halda, bu il 46,6 faizi ev təsərrüfatlarına verilib.

Bəs, kredit qoyuluşunda ev təsərrüfatlarına üstünlük verilməsinin səbəbi nədir?

Sfera.az saytına danışan bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bunun bir neçə səbəblə əlaqəli olduğunu söylədi.

Ekspert bildirdi ki, ev təsərrüfatlarına ayrılan kreditlərin təxminən 90 faizi istehlak məqsədli kreditlərdir. Ə.Həsənov bu cür kreditlərin faiz dərəcəsinin yüksək olduğunu, kredit məbləğinin az olduğunu və bir qayda olaraq həmin kreditlərin qısa müddətə ayrıldığını dedi. Həmsöhbətimiz buna görə də ev təsərrüfatlarına verilən kreditlər üzrə gəlirliliyin yüksək, vəsaitin geri qaytarılmama riskinin isə aşağı olduğunu vurğuladı. O bu səbəblərdən bankların kredit verən zaman ev təsərrüfatlarına üstünlük verdiklərini söylədi:

"Faiz yüksək olduqda banklar daha çox qazana bilir. Ev təsərrüfatlarına ayrılan kreditlərdə faizlər çoxdur. Həm də bu kreditlər 1-2 il müddətinə ayrıldığından onlar daha tez geri qaytarılır. Amma sahibkarlara verilən kreditlər uzunmüddətli olmaqla bərabər faiz dərəcələri də aşağı olur. Bu o deməkdir ki, banklar sahibkarlara verdiyi kreditlər üzrə az gəlir əldə etsələr də, daha böyük riskə gedirlər.

 

Ev təsərrüfatlarına verilən kreditlər əsasən 10 min manata qədər olduğu halda, biznes məqsədilə ayrılan kreditlərin məbləği yüz min manatla, hətta bir neçə milyon manatla ifadə edilir. Bu baxımdan sahibkarın problemi yarandıqda bankın üzləşdiyi zərər ev təsərrüfatları ilə müqayisədə xeyli böyük olur. Riskləri nəzərə alan banklar bir milyon manatı bir sahibkara verməkdənsə, 100 və daha çox ev təsərrüfatına verməkdə maraqlıdır".

Ə.Həsənov bildirdi ki, sahibkarlara verilən böyük kreditlərlər üzrə bəzən qeyri-rəsmi xarakter daşıyan problem də yaranır. Ekspertin sözlərinə əsasən, biznes kreditlərində problem yarandıqda banklar məhkəmə işlərinin hamısını uda bilmir və verdiyi vəsaiti geri qaytarmaq imkanını itirir:

"Azərbaycanda belə bir qənaət var ki, bank kimi məhkəməyə verirsə, onu udur və vəsaitini geri alır. Belə deyil. Banklar bir sıra hallarda yaranan problemli kreditləri haqlı olduqları halda məhkəmə qaydasında da geri ala bilməyib. Bunun nəticəsində banklar milyonlarla manat vəsaitdən məhrum olur. Ancaq ev təsərrüfatlarına verilən kreditlərdə əksər problemlər məhkəməsiz həll edilir və ya məhkəmə olduqda qərarlar əsasən bankların xeyrinə qəbul edilir. Çünki fiziki şəxslər özlərini müdafiə etmək üçün zəruri tədbirləri görə bilmir".

Ə.Həsənov dedi ki, sahibkarların əksəriyyətinin maliyyə hesabatlılığının qeyri-şəffaf olması, gəlir və xərcləri haqqında düzgün məlumatın olmaması da banklarda biznes kreditlərinə olan marağı zəiflədir.

Ekspert sadalanan səbəblərə görə, bankların daha çox ev təsərrüfatlarına kredit verməkdə maraqlı olduğunu söylədi. sfera

Mənbə: olaylar.az