Sığorta bazarında canlanma ilin sonuna qədər davam edəcəyi gözlənilir

Sığorta bazarında canlanma ilin sonuna qədər davam edəcəyi gözlənilir

Bu il ölkədə tətbiq edilən karantin rejimində məhdudiyyətlərin bir qədər yumşaldılması digər iqtisadi sektorlar kimi sığorta bazarı üçün də müəyyən imkanlar yaratdı. Rüb ərzində bir sıra sığorta şirkətləri ilə bağlı baş verən struktur dəyişiklikləri, eyni zamanda bazara yeni iştirakçıların da daxil olması istiqamətində addımlar sektor üzrə müzakirələri yenidən gündəmə gətirdi.

Sığorta bazarı üzrə ekspert İlkin İbrahimovun “Report”a verdiyi açıqlamada bu ilin birinci rübündə sığorta bazarında canlanmanın baş verdiyini bildirib:

“Mərkəzi Bankın açıqladığı hesabatda sığorta bazarı üzrə həm sığorta yığımlarında, həm də sığorta ödənişlərində artım var. Bu, yaxşı bir haldır və gələcəyə nikbin baxmağa əsas yaradır. Sığorta bazarında yenilik olaraq həm “Naxçıvan Sığorta”nın “Azərsığorta”dan ayırlması, həm də "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin də yeni bazara gəlməsi və bu sığorta növü üzrə də bir milyon manatdan çox sığorta haqlarının toplanması onu deməyə əsas verir ki, sığorta sektoru gələcəyə daha ümidlidir və daha yaxşı formada inkişaf edir.

Ekspert sığorta ödənişlərində olan artımın səbəblərinə də aydınlıq gətirib:

“Birinci rübdə sığorta ödənişlərində iki dəfəyə yaxın belə fantastik artımın olmasında təəccüblü hal yoxdur. Bu məsələ, statistikadan da göründüyü kimi, həyat sığorta şirkətlərinin öhdəliklərinin başa çatması ilə bağlıdır. Bir neçə il əvvəl həyat sığorta şirkətlərində həyatın yaşam sığortası ilə bağlı bağlanan müqavilələrin geri qaytarılması baş verdi. Bu zaman ödənişlər də geri qaytarılır. Bu səbəbdən də həyat sığorta şirkətlərində biz çox böyük ödənişlərin olduğunu görürük. Bu təbii hal olmaqla yanaşı sığorta sektoruna inamı daha da gücləndirir.

Ümumiyyətlə dünya praktikasından da görünür ki, sığorta şirkətləri vətəndaşa nə qədər yaxın olursa və sığorta ödənişlərini nə qədər çox verirsə, həm onlara inam artır, həm də vətəndaşlar daha yaxşı formada sığorta şirkətlərinə yaxınlaşırlar”.

İ.İbrahimov daşınmaz əmlakın icbari sığortası ilə də bağlı problemlərə toxunub:

“Daşınmaz əmlakın icbari sığortası ilə bağlı ötən illərdə olan artım tendensiyası hazırda sığorta yığımları istiqamətində daha çoxdur. Bu rüb ötən ilin müvafiq dövrünə nisbətdə sığorta yığımlarında üç dəfəyə yaxın artım olub. Təəssüf ki, sığorta ödənişlərində bu halı görmək mümkün deyil. Sığorta ödənişləri daha az verilib. Çünki vətəndaşlar sığorta şirkətlərinə etibar etməyə başlayır, lakin sığorta şirkətləri bu məsələlərdə bir qədər tərəddüd edərək xəsisliyə yol verir. Hesab edirəm ki, bu məsələ də zaman keçdikcə aradan qalxacaq və vəziyyət daha da yaxşılaşacaq”.

Ekspertin gözləntilərinə görə bazarda baş verən canlanma ilin sonuna qədər davam edəcək:

“Birincü rüb sığorta bazarı üzrə müsbət hadisələrlə yadda qaldı. İlin sonuna kimi də bu tendensiyanın artması gözlənilir. Bu kimi müsbət hallar sığorta ödənişlərində Vətən müharibəsində həlak olan şəxslərin həm ipoteka kreditlərinin bağlanması, həm də sığorta kompensasiyalarının verilməsi ilə bağlı “Azərsığorta” şirkətinin ödənişlərində özünü göstərir. “Azərsığorta” şirkətinin də Azərbaycan İnvestisiya Holdinqin strukturuna daxil edilməsi bu il onların fəaliyyətinin daha şəffaf olacağını gözləməyə əsas verir. Əvvəllər “Azərsığorta” şirkəti ilə bağlı bəzi mənfi hallar yaşanırdı. Məsələn, vətəndaş məmnuniyyəti ilə bağlı bəzi şikayətlər var idi. Hazırda bu problemlər aradan qaldırılıb və şikayətlər də azalıb”.

Mənbə: report.az