DYP bu pozuntuya göz yumur? - Polkovnik

DYP bu pozuntuya göz yumur? - Polkovnik

Bakıda bir çox küçə və prospektdə artıq avtobuslar üçün xüsusi zolaqlar çəkilib. Ancaq bəzən marşrut sürücüləri bir-birini ötmə əməliyyatı zamanı bu zolaqlardan kənara çıxır və yaxud heç bir səbəb olmadan zolaqdan istifadə etməyərək, birinci zolaqla, yüksək sürətlə hərəkət edir. Bu isə dayanacaqlarda saxlayan zaman avtobusların təhlükəli manevr etməsinə gətirib çıxarır, həmçinin yol zolaqlarının səmərəli istifadəsinə mane olur. Çünki avtobuslar üçün nəzərdə tutulan zolaqlara şəxsi avtomobillərin daxil olması qadağandır və buna görə cərimə nəzərdə tutulur.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, avtobus sürücüləri mütləq qaydada avtobus zolaqları ilə hərəkət etməlidir.

“Zolaqlar üzrə hərəkət qanununun tələbləri pozularsa, inzibati tənbeh tədbirləri görülür. Xüsusi zolağın olduğu küçə ilə hərəkət edən müntəzəm marşrutdakı avtobuslar həmin xüsusi zolaqdan kənara çıxarlarsa, onların sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə 40 manat cərimə olunurlar”, - polkovnik bildirib.

V.Əsədov bildirib ki, marşrut avtobuslarının bununla bağlı kameralar vasitəsilə nəzarət edilir.

Mənbə: axar.az