Azərbaycanın gəlirləri niyə azalır? - Bir nəticənin İKİ SƏBƏBİ

Azərbaycanın gəlirləri niyə azalır? - Bir nəticənin İKİ SƏBƏBİ

“Dövlət Neft Fondunun gəlirlərinin həcminin azalmasının birinci və əsas səbəbi neft hasilatının azalmasıdır”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Dövlət Neft Fondunun aktivlərin həcminin azalmasından danışarkən bildirib.

“Azərbaycan OPEC+ anlaşması çərçivəsində öhdəlik götürdü. Bu səbəbdən keçən ilin mart ayından başlayaraq hasilatı azaltdı. İndi neftin qiyməti yüksəlsə də, məsələn, 6-7 aydır neftin qiyməti kifayət qədər yüksək səviyyədədir. Yəni ilin əvvəlindən bu qiymət 60 dollardan yuxarıdır. Amma öhdəliklə əlaqədar hasilatın az olması qiymətin yüksək olmasına baxmayaraq, satış həcminin azalmasına səbəb olub. Neftin satış həcmi azalıb”,-deyə o bildirib.

Natiq Cəfərlinin sözlərinə görə, hasilatın azaldılması ölkəyə daxil olan valyuta gəlirlərini də azaldır:

“Digər səbəb isə Neft Fondu və Valyuta Fondunda saxlanılan başqa valyutaların, yəni rus rublu, türk lirəsi, yuan və digər valyutaların dollar qarşısında ciddi dəyər itirməsi aktivlərin azalmasına səbəb olan əsas amillərdən biridir. Çünki Neft Fondunun valyuta səbəti tək dollardan ibarət deyil. Tərkibində avro, funt-sterlinq və basqa ölkələrin valyutaları da var. Ötən il ərzində əsasən də son bir ildə və birinci rübdə bu valyutaların dollar qarşısında ciddi dəyər itirməsi ehtiyatların azalmasına səbəb olub. Digər səbəblərdən biri Neft Fondunun aktivləridir. Daşınmaz əmlak və digər aktivlərdə saxladığı vəsait var ki, onların qiymətində belə azalma var”.

İqtisadçı ekspert bildirib ki, mühüm səbəblərdən biri də qızılın qiymətinin azalmasıdır:

“Keçən ilə nisbətən qızılın qiymətində bir unsiyaya görə 200 dollardan yuxarı azalma müşahidə olunub. Neft Fondunda müxtəlif rəqəmlər səsləndirilir.Amma ən azı 30 tondan yuxarı qızıl ehtiyatlarının olduğu deyilir. Bunun nəticəsində ehtiyatlarda iki faizə yaxın azalma müşahidə olunur. Əsas itkilər də məzənnə fərqindən yaranıb. Məzənnə fərqinin dəyişməsi və qızılın qiyməti- bu iki faktor Neft Fondunun aktivlərinin azalmasında əsas rol oynayır. Bu da valyuta daxilolmalarına mənfi təsir göstərən amildir”.

Ülviyyə
Cebhe.info

 

Mənbə: cebhe.info