Azərbaycanda ilk dəfə nüvə enerjisi tətbiq olunan pambıq toxumlarının sınaq əkini gerçəkləşib

Beyləqan Mil Təcrübə Stansiyasında yeni sınaq layihəsi həyata keçirilib. Məqsəd nüvə enerjisi və digər üsullardan istifadə edilməklə pambıqçılığın inkişafıdır. Layihə çərçivəsində Pakistandan da gətirilən pambıq sortları xüsusi sahə dizaynı ilə əkilib.

 

TED.az xəbər verir ki, 2021-2024-cü illərdə Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinə start verilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Xəyalə Dadaşova bildirib ki, layihə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müqavilə əsasında reallaşdırılır. Pakistandan gətirilən yeddi növ pambıq toxumları səpinin AEBA ekspertlərinin təklif etdiyi metodlarla aparılır. Xarici sort toxumlar həm də yerli toxumlarla müqayisəli şəkildə əkilib. Sınağın Beyləqanla yanaşı, Ucar və Samux Təcrübə stansiyalarında aparılması nəzərdə tutulub.

Məqsəd nümayişedici sınaqlar keçirməklə, AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. 1,5 hektar sahədə paralel olaraq həmin bu iki üsulla pambıq toxumları əkilərək nəticələr müqayisə ediləcək. Əgər kiçik bir sahədə AEBA-nın ekspertinin təklif etdiyi metodlarla pambıq məhsuldarlığında artım olarsa, bu halda həmin metodun geniş sahəyə tətbiqi planlaşdırılır.

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatoru Nəzakət İsmayılzadə söyləyib ki, həyata keçirilən layihədə AEBA-nın təklif etdiyi xüsusi sahə dizaynına əsasən, ənənəvi əkin qaydasından fərqli olaraq cərgəarası məsafə 90 santımetr, bitkiarası məsafə isə 10 santımetrdir. Layihədən gözləntilərə gəldikdə, Nüvə enerjisi və digər üsulların tətbiqi ilə əldə olunan Pakistandan gəlmə toxumları yerli iqlim şəraitinə uyğunlaşdırmaqla məhsuldarlığı artırmaqdır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsuldarlıq əldə olunub. Eyni hədəfə Azərbaycanda da nail olmaq planlaşdırılır. Sınaqlar uğurlu alınacağı təqdirdə, layihənin daha geniş sahələrdə, təsərrüfatlarda tətbiqi gerçəkləşə bilər.

 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Dilarə Marlamova bildirib ki, ənənəvi qaydadan fərqli əkin aparılır. Bu da bitkilərin aqrotexnikasına müsbət təsir göstərir. Burada hər pambıq koluna demək olar ki, 90 kvadratsantimetr torpaq düşür. Beləliklə, kolların qidalanması üçün daha əlverişli şərait yaranır. Hazırda sınaq üçün əkilən Pakistandan gətirilən toxumlardan gözləntilər hektar payına 60 sentner və ya bu rəqəmin üzərindədir. Burada digər bir məqsəd isə quraqlığa və susuzluğa davamlı toxumlar əldə etməkdir.

 

Beyləqanda yerləşən təcrübə sahəsində uzun illərdir pambıqçılığın inkişafı üçün uğurlu sınaqların aparıldığını vurğulayan Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov qeyd edib ki, cari ildə də sınaq əkinləri əsasında yeni yaradılan sortların aqrotexnologiyasının öyrənilməsi üçün yeni növ toxumlar əkilib. Daha bir yenilik isə “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsidir. Əsas məqsəd əldə edilən toxumlardan hibrid sortların yaradılması və məhsuldarlığı artırmaqdır.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

“Real”ın “Çelsi” ilə oyun üçün iştirak ərizəsi

SONRAKI XƏBƏR

İsveçrə diplomatın ölümü ilə əlaqədar Tehranla əlaqə saxladı