Ələti Dubay etmək olarmı...

Ələti Dubay etmək olarmı...

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclasında müzakirə olunan 11 məsələdən biri də “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi idi.İclasda Ələt Azad İqtisadi Zonasının ( AİZ) gələn ilin iyul ayından fəaliyyətə başlayacağına dair fikirlər səsləndirildi.

AİZ dünya təcrübəsində özünü daha çox doğruldub və kasıb ölkələrin iqtisadiyyatının güclənməsində təkanverici rol oynayıb. Bəs AİZ nə deməkdir, hansı imkanlar verir? Xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən dünyanın 130 ölkəsində 4000-dən çox azad iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Bu gün AİZ modelindən faydalanan ölkələrdən biri də Türkiyədir. Türkiyədə xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır.

Azad iqtisadi zonanın inkişafı üçün vacib stimullaşdırıcı amillərdən biri güzəşt sistemləridir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmadığı üçün beynəlxalq səviyyədə azad iqtisadi zonanın sürətli təşəkkülü asan məsələ deyil.

Azərbaycan kimi ölkələrdə iqtisadiyyatın təşəkkül tapması üçün ən yaxşı alətlərdən biri Azad İqtisadı zonalardır. Dubayı kiçik balıqçı kəndindən dünya şöhrətli şəhərə çevirən məhz AİZ oldu. Bizdə AİZ mövzusu 2015-ci ildə iqtisadi böhran zamanı gündəmə gəldi. Dəniz sahilində yerləşən, əlverişli mövqeyə malik Ələt Dubayı təqlid edə bilsə, Türkiyyə, Rusiya, İran və Orta Asiya ölkələri üçün vacib bazar yarada bilərik. Amma bir şərtlə ki, bu Azad İqtisadi Zonanın idarəçiliyini dövlət əlində saxlamasın.

AİZ-lərin yaradılması bizə nə verəcək? Ticarət dövriyyəsi artacaq, sərmayələrin yatırılması sürətlənəcək, regionlarda məşğulluq güclənəcək, yeni iş yerləri açılacaq, ticarət dövriyyəsi artacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənəcək və.s

Ələtdə AİZ yaradılması ilə bağlı, Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti məsləhətçi seçilib. Görək, bizdən Dubay alınacaq ya yox.

Mənbə: www.bizimyol.info