“Fitch”: “Brent” nefti ucuzlaşa bilər

Dünya bazarlarında bu gün “Brent” neftinin qiyməti 70 dollar həddinə çox yaxınlaşasa da, onu aşa bilməyib.

“Report” xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının azalmasına dair məlumatlara baxmayaraq, bu gün neftin qiyməti bir barel üçün 69 dollar səviyyəsində qərarlaşıb.

“Fitch” beynəlxalq reytinq agentliyinin təbii ehtiyatlar və xammallar üzrə qrupunun baş direktoru Dmitri Marinçenko TASS agentliyinə bildirib ki, neftin qiymətindəki korreksiya tendensiyası bazarla bağlı bədbin gözləntilərin fonunda davam edə bilər.

Marinçenko deyib ki, kotirovkalar bazarda ümumiyyətlə qiymətlərin azalacağına dair gözləntinin olduğunu göstərir. Onun sözlərinə görə, “Brent” nefti üzrə gələcək üç il üçün bağlanılmış fyuçers müqavilələrində qiymətlər artıq 60 dollardan bir qədər az təyin olunub.

Ekspert deyib ki, buna baxmayaraq, neftin qiyməti hələ də yüksək səviyyədə qalıb və bu, bazarda tədarükün bir qədər azalması ilə izah olunur. İlin ikinci yarısında isə bazardakı vəziyyət bu və ya digər istiqamətdə dəyişə bilər.

“Güman ki, peyvəndləmə proqramları öz bəhrəsini verdikcə dünyada neftə olan tələbat bərpa olunmağa davam edəcək. Lakin “OPEC+” hasilatı daha böyük templə artıracaq”, – Marinçenko deyib.

Çərşənbə günü ABŞ-da neft ehtiyatlarının həcminin fevraldan bəri ən aşağı səviyyəyə düşdüyünə dair xəbərlər neftin qiymətinin artımını dəstəkləyib.

Lakin, eyni zamanda, Hindistanda koronavirusa yoluxma sayının rekord həddə çatması ilə bağlı qeyri-müəyyənlik bazara təzyiq göstərir. Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

SONRAKI XƏBƏR

Rafet El Romanın qızı CeyLo kimi olmaq istəyir